Fəaliyyətin 15-ci ili

Bu gün, yəni, 22 yanvar 2018-ci il tarixində qoruğumuzun yaranmasının 14-cü-ci ili tamam olur.

İnşa olunduğu vaxtdan dəfələrlə dağıdıcı hücumlara məruz qalan, lakin tarixin bu ağır sınaqlarından üzü ağ çıxan, Azərbaycan memarlıq nümunələri arasında öz mövqeyi ilə seçilən xanəgah komplekslərindən biri də sufi şeyxi Pir Hüseyn Şirvaninin adı ilə bağlıdır. Tariximizdə sirləri bu günə qədər açılmamış, özündə bir çox cavabları gizləyən tarixi yerlərimiz və abidələrimiz var ki, onlardan biri də ölkə əhəmiyyətli XI-XIV əsrlərin sənət incisi, bir çox alimləri düşündürmüş və bu vaxta kimi də düşünməyə vadar edən nadir memarlıq nümunəsi olan Pir Hüseyn Xanəgahı Bakı-Salyan karvan-ticarət yolunun üzərində, paytaxt Bakıdan 127 km məsafədə, Hacıqabul rayonunun Qubalı Baloğlan kəndi ərazisində, Pirsaat çayının şərq sahilində yerləşir. Onun xanəgahlar arasında yüksək yer tutmasına səbəb memarlıq üslubunun mükəmməlliyi və fərqliliyidir.

Nəhayət ki, 2004-cü ildə xanəgah Azərbaycanın müstəqillik dövründə öz tarixi qiymətini aldı. 22 yanvar 2004-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 19№li əmrinə əsasən xanəgah Tarix-Memarlıq Qoruğu elan edildi. Bu mühüm addımdan sonra abidənin təbliğatı güclənmiş və bərpasına başlanmışdır. 2004-cü ilin sentyabr ayında nazir müavini Ədalət Vəliyevin iştirakı ilə elmi-praktik konfrans keçirilmiş, bundan sonra qoruq haqqında mətbuatda məqalələr yazılmış və televiziya verilişləri çəkilmişdir. Daha sonra 6 yanvar 2006-ci ildə  keçirilmiş konfransda nazirliyin nümayəndələrinin iştirakı ilə bütün görülmüş işlər qiymətləndirilmiş və təmir işləri sürətləndirilmişdir.

Pir Hüseyn Xanəgahı tarix-memarlıq qoruğunda həyata keçirilmiş təmir-bərpa işlərindən sonra 2007-ci il oktyabr ayının 1-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri hörmətli cənab Əbülfəs Qarayevin, eləcə də digər yüksək vəzifəli hökümət və dövlət nümayəndələrinin iştirakı ilə qoruğun rəsmi açılış mərasimi olmuşdur. Açılış zamanı dövlət və hökümət nümayəndələrindən başqa ölkədə fəaliyyət göstərən xarici ölkələrin səfirlik və diplomatik nümayəndəliklərinin rəhbər şəxsləri iştirak etmişlər. Təmir-bərpa, rekanstruksiya işlərindən sonra da qoruğumuz daimi olaraq Mədəniyyət və Turizm Nazirliyinin yüksək səviyyəli qayğısı altında fəaliyyət göstərir.

Başqa tarixi memarlıq abidələrimiz kimi Pir Hüseyn Xanəgahı da son illər ölkəmizə gələn xarici turistlərin böyük marağına səbəb olmuşdur. Buna misal olaraq son illərdə qoruğa gələn xarici turistlərin sayının artmasıdır. Hər il olduğu kimi bu ildə qoruğumuzun yarandığı günü əməkdaşlar bayram əhval-ruhiyyəsində qeyd etmişlər.

Ölkə prezidenti cənab İlham Əliyevin respublikada turizmin inkişafı üçün verdiyi konkret tapşırıqlara uyğun olaraq bizdə bütün lazımi, vacib işləri yüksək səviyyədə görəcəyik ki, bu müqəddəs məkanı ziyarət edən hər bir turist buradan xoş xatirələrlə ayrılsın.



Spread the love