Hacıqabul rayon”Pir Hüseyn Xanıgahı” tarix memarlıq qoruğunda “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı anım tədbiri keçirilib

Martın 31-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti,Hacıqabul Rayon “Pir Hüseyn Xanəgahı” tarix memarlıq Qoruğunda 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.Tədbir soyqırımı qurbanlarının, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbiri giriş sözü ilə açan qoruğun direktoru Məhərrəm Müslümov bildirmişdir ki, ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı qruplaşmalarının Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və deportasiya siyasəti nəticəsində bir çox bölgələrdə günahsız soydaşlarımız qətlə yetirilib. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə divan tutulub, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib. Təkcə 1918-ci ilin mart-aprel aylarında erməni mütəşəkkil silahlı dəstələri tərəfindən 50 mindən çox azərbaycanlının həyatına son qoyulub. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin qaranlıq səhifələrindən biridir.

Daha sonra tədbirdə çıxış edən qoruğun elmi işçisi Zaur Cəfərov qeyd edib ki, 1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırım günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Qeyd edək ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə Ümummilli liderimiz – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanına əsasən hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Qeyd edək ki, bu sənədin ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əhəmiyyətlidir.

Fərmanda deyilir: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”.

Ulu öndər Heydər Əliyevin bu Fərmanında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə bağlı proqram tezisləri öz əksini tapıb. Sənəd, eyni zamanda, ermənilərin Türk dünyasına qarşı yönəlmiş düşmənçilik hərəkətlərinin, cinayətlərinin, “Böyük Ermənistan” yaratmaq kimi boş və cəfəng ideyalarının tədqiqatını da zəruri edib

Spread the love