XOCALI faciəsinin 26-cı ildönümü

26 fevral Xocalı faciəsi Azərbaycanın hər yerində eləcə də xarici ölkələrin bir çox yerlərində hər il olduğu kimi qanlı faciə qeyd olunaraq şəhidlər yad edilir.

“26 fevral Xocalı faciəsinin 26-cı il dönümü “ ilə əlaqədar olaraq fevral ayının 22-dən başlayaraq qoruğa gələn ekskursiyaçılara tarixi abidə ilə yanaşı “Xocalı faciəsi” haqqında da geniş məlumatlar verilmiş və bu münasibət ilə Pir Hüseyn Xanəgahı tarix-memarlıq qoruğunda tədbir keçirilmişdir.İlk öncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Qoruğun bələdçiləri “26 fevral Xocalı faciəsi” barədə tədbir iştirakçılarına geniş məlumat verdilər.

Sonda xatirə fotoşəkilləri çəkildi.

1988-ci ildən başlamış Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir.

Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldular. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan, şaxtadan məhv oldular…

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər…

Bu əsl soyqırım idi.

Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı “Xocalı Soyqırımı” ilə əlaqədar xalqa müraciət edir.

 

 

 

 

Spread the love