“18 Aprel Abidələr və Tarixi yerlərin günü”

Bu gün YUNESKO-nun “Abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri” üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur.Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.Tarixi abidələr-məqbərələr,saraylar,məbədlər,məscidlər,qəbristanlıqlar,körpülər,ovdanlar,günbəzlər,minarələr və s. tarixi keçmişimizin maddi yadigarıdır.Onlar zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatmışlar.Hər bir ölkənin tarixinin qədimliyi onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür.Bu sahədə ölkəmizin bəxti gətirmişdir.Qobustan,Gəmiqaya,İstisu qayaüstü təsvirləri,Çıraqqala,Oğlanqala,Cavanşir,Gülüstan,Əlincə,Buğurd,Gələrsən-Görərsən kimi qalalarımız,Möminə xatın,Yusif ibn Küseyr,Olcaytu Xudabəndə məqbərələrimiz,Göy məscid,Şah Abbas məscidi,Gövhərağa məscidi,Cümə məscidi,Təzəpir məscidi kimi dini ibadətgahlarımız,Həşt behişt,Şirvanşahlar,İrəvan sərdar sarayı,Şəki xan sarayı,Pir Hüseyn Xanəgahı kimi nadir memarlıq abidələrimiz bu qəbildəndirlər.

İşğaldan azad olunmuş ərazilərimizdə olan dünya əhəmiyyətli mədəni-tarixi abidələrimiz –Azıx və Tağlar mağaraları dünyanın ən qədim insan yaşayan məskənlərindəndir.YUNESKO-nun siyahısına düşmüş bu mağaralardan tapılmış maddi mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilmişdi.

Sovet hakimiyyəti illərində Azərbaycanda tarixi memarlıq abidələrinə dövlət səviyyəsində laqeyd münasibət olmuşdur.Bir çox nadir memarlıq abidələri baxımsızlıq və tamah üzündən sökülüb-dağıdılmış,xeyli memarlıq abidələri,maddi-mədəniyyət nümunələri isə erməni saxtakarlıqına məruz qalaraq özgəninkiləşdirilmişdir.Torpaqlarımız işğal altında olarkən,ərazilərimizdəki memarlıq abidələri üzərində də bu cür saxta “əməliyyatlar” aparılmaqdadır.Erməni vandalları Şuşa şəhərini işğal edərkən Üzeyir bəyin,Natavanın,Bülbülün tunc heykəllərini belə avtomat atəşinə tutmaqdan çəkinməmişlər.

Azərbaycan müstəqillik əldə etdikdən sonra bu məsələyə münasibət kökündən dəyişmişdir.

Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın işğalı altında qalan torpaqlarımızda 500-dək tarixi-memarlıq,100-dən çox arxeoloji abidələr,on minlərlə eksponat olan 22 muzey,4 rəsm qaleriyasi,46 milyon kitab və əlyazmalar saxlanılan 927 kitabxana,808 klub, 10 istirahət və mədəniyyət parkı,85 musiqi və incəsənət məktəbi,20 mədəniyyət sarayı, 4 dövlət teatrı qalmışdır. Ikinci Qarabağ müharibəsində müzəffər ordumuz işğal altında olan torpaqlarımızı erməni vandallarından azad etmişdir.Ərazilərimizdə xalqımızın keçmişini və bu gününü əks etdirən 1852

mədəniyyət və incəsənət abidəsi erməni vandalizminin təcavüzunə məruz qalmışdır. Nəticədə tariximiz üçün mühüm əhəmiyyət kəsb edən, milli özünəməxsusluğu özündə əks etdirən minlərlə tarixi və arxeoloji abidələrimiz məhv edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, “İçərişəhər” tarix-memarlıq qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, “Qala” tarix-etnoqrafiya qoruğunda 7 ölkə, 234 yerli, “Nardaran” tarix-mədəniyyət qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, “Atəşgah” tarix-memarlıq qoruğunda 1 dünya,”Pir Hüseyn Xanəgahı” tarix memarlıq qoruğunda 5 ölkə,2 yerli əhəmiyyətli tarixi abidə qeydə alınmışdır. Son illər ərazidə 1700-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.

Pir Hüseyn Xanəgahı qədim abidələrimizdən biridir. XI-XIV əsrlərin nadir sənət incisi, bütün dünyada məşhur olan Pir Hüseyn Xanəgahı Hacıqabul ərazisində yerləşir. Xanəgah orta əsrlərə aid Azərbaycan memarlıq kompleksi olub qədim Bakı-Salyan ticarət yolunun 127 km yerləşir. Onun tarixi ta XI əsrə dayanır. Əsas binaları XIII-XIV əsrlərdə tikilib. Xanəgaha aid kaşı bəzəkləri hər zaman diqqət mərkəzində olmuşdur. Burada tədqiqat işləri aparan erməni alimləri kaşı bəzəklərini oğurlayıb bir çox muzeylərə satmışlar. Hal-hazırda həmin kaşılar Sankt-Peterburq Dövlət Ermitajında, Moskva Şərq Mədəniyyəti Muzeyində, Gürcüstan Dövlət Muzeyində, Fransanın Luvr muzeyində, Britaniyanın və digər ölkələrin muzeylərində nümayiş etdirilir.

 

Hacıqabul rayonunda 14 qeydiyyata alınmış abidə :

Qubalı-Baloğlan kəndi – Körpü –XVII-XVIII əsrlər

Hacıqabul gölünün şərq sahili – Karvansaray – orta əsr

Güngörməz müdafiə qalası –Yanıq Qubalı – Tunc dövrü

Küp qəbirlər – Udulu – Antik dövr

Antik qəbristanlıq – Udulu

Qədim qəbristanlıq – Udulu (Tava kəndi)

Kurqanlar – Udulu – Tunc dövrü

 

Xanəgah ərazisində olan 7 abidə:

Qala divarları – XIII əsr (ölkə əhəmiyyətli)

Sərdabə – XI əsr (ölkə əhəmiyyətli)

Məscid-minarə – XIII əsr (ölkə əhəmiyyətli)

Karvansaray – XIII əsr (ölkə əhəmiyyətli)

Köməkçi otaqlar – XII-XIV əsrlər (ölkə əhəmiyyətli)

Türbə – orta əsr (yerli əhəmiyyətli)

Köhnə qəbristanlıq – orta əsr (yerli əhəmiyyətli)

Bundan əlavə Hacıqabul ərazisində 18 yeni abidə aşkarlanıb.

Spread the love