“9 May Qələbə Günü” və “10 May Umummilli lider Heydər Əliyevin anadan olmasının 98–ci ildönümü”

Bu tarixi günlər Azərbaycanın hər yerində olduğu kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix–memarlıq qoruğunda da qeyd olunur.Tədbirlər planına uyğun olaraq bu əlamətdar günlər münasibətilə qoruğun ekspozisiya zalında guşə hazırlanmış, 03.05.–10.05.2021.–tarixlərində isə qoruğa gələn qonaqlara bu günlərin mahiyyəti haqqında ətraflı məlumatlar verilmişdir.

08.05.2021.–tarixində qoruqda isə karantin qaydalarına uyğun tədbir keçirilmişdir.Qoruğun ekspozisiya zalında baş tutmuş tədbirdə qoruq əməkdaşları ilə yanaşı, qoruğa gələn qonaqlar və məktəblilər iştirak etmişlər.Tədbiri giriş sözü ilə açan qoruğun ekskursavodu Zəhra Süleymanova “9 May Qələbə Günü” ndən geniş söz açmış və bildirmişdir ki Azərbaycan, faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr vermiş,bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salmışdır.Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmamışdır. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilmişdir. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rolundan da söz açan Z.Süleymanova bildirmişdir ki, 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında cövlan edən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynayıb.

Sonra “10 May Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98–ci ildönümü” ilə əlaqədar qoruğun mühafizəçisi Günel Hüseynova adı müstəqil Azərbaycan Respublikasının tarixinə xilaskar, dahi şəxsiyyət və müdrik dövlət xadimi kimi yazılmış ümummilli liderimizin keçdiyi şərəfli ömür yolundan və siyasi fəaliyyətindən geniş söz açaraq, bu zəngin irsin təkcə xalqımız deyil, bütün bəşəriyyət üçün böyük töhfə olduğunu qeyd etdi.G.Hüseynova Ümummilli liderin milli dövlətçilik ənənələrinin bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini söyləyərək, özünü peşəkar və bacarıqlı siyasətçi kimi təsdiqləyən, intellektual imkanlarını, biliyini, təcrübəsini xalqının mənafeyi naminə səfərbər edən İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində dəyişikliklərin baş verdiyini, sabitlik və davamlı iqtisadi inkişafın təmin olunduğunu qeyd etdi. Tədbirin sonunda xatirə fotoşəkilləri çəkildi.

Xüsusi ilə qeyd etmək istərdik ki, məhz Heydər Əliyevin vaxtilə yaratdığı etibarlı təmələ söykənərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ Müharibəsində – Vətən Müharibəsində inamlı qələbə qazanılmışdır. Müzəffər Azərbaycan Ordusu tərəfindən 30 ilə yaxın Ermənistanın işğalı altında olan əzəli torpaqlarımız azad edildi.Bu zəfər şanlı tariximizə qızıl hərflərlə yazıldı. Bu möhtəşəm qələbə xalqımızın inamını özünə qaytarmış, uzun illər ərzində doğma yurdlarına qayıtmaq eşqi ilə yaşayan məcburi köçkünlərin həsrətinə son qoymuşdur. Eyni zamanda bu qələbə bütün dünyada Azərbaycan dövlətinin və xalqının qüdrətini və sarsılmaz iradəsini, Ordumuzun gücünü nümayiş etdirmişdir. Bu qələbə Azərbaycanı sonsuz məhəbbətlə sevən ümummilli lider Heydər Əliyevin azadlıq ideallarının parlaq təzahürü kimi xüsusilə əhəmiyyətlidir.Vətən müharibəsində “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” deyən Ulu Öndərin arzusunu reallaşdıran ölkəmizin Prezidenti İlham Əliyevin xalqa müraciətlə söylədiyi “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir!

Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!” kəlamında Qarabağın işğaldan azad olunmasında Heydər Əliyev ideyalarının təntənəsi gözəl ifadə olunmaqdadır.

Spread the love