Qanlı Xocalı Faciəsi anım günü 2015

     1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqimı faciələri ilə eyni səviyyədə durur.

     Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Öz miqyasına və dəhşətləriniə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.

     Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdılar.

     Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir.

     Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda qalmalıdır:

     Azərbaycan Respublikasının əsas ərazisi ilə əlaqəsi kəsilmiş, 50-60 ədəd avtomat silah və ov tüfəngi ilə silahlanmış özünümüdafiə dəstəsi olan Xocalı şəhəri ətrafında ən müasir texnika ilə təpədən dırnağa qədər silahlanmış ermənilər şəhərin mühasirə halqasını günü gündən daha da sıxmış və 1992ci il fevralın 25-də gecə saat 22 radələrində Xocalı şəhərinə 366-cı motoatıcı alayının komanda heyəti və hərbi texnikası ilə birgə hücuma keçmişdir. Hücumda ermənilər tərəfindən mayor Ohanyan Seyran Muşeqoviçin komandası altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixin komandası altında 3-cü batalyonu, 1-ci batalyonun qərargah rəisi Çitçyan Valeriy Isayeviç və alayda xidmət edən 50-dən atrıq erməni millətindən olan zabit və praporşiklər, tanklar, piyadaların döyüş maşınları, toplar, D-30 qaubitsası və digər müasir hərbi texnika iştirak etmişdir. 

     Hacıqabul rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Xocalı faciəsinin anım günü qeyd olunmuşdur.

     Hər il oldugu kimi bu il də Hacıqabul Rayon Pir Hüseyn Xanəgahı Tarix-Memarliq Qoruğunun inzibati binasında Xocalı Soyqırımına həsr  olunmuş tədbir keçirildi.Tədbirdə qoruğun direktoru  Mübariz Xəlilov çıxış etdi.O öz çıxışı zamanı bir daha Xocalı faciəsini hər kəsin gözləri önündə canlandırdı.Daha sonra qoruğun böyük elmi işçisi Ağabəyli Güllü çıxış etdi.

     Xocalı faciəsi ilə əlaqədar rayonun bir sıra mərkəzlərində,məktəblərdə  tədbirlər kecirildi.Kecirilən  tədbirlərdə fəal iştirak edən Mübariz müəllim Hacıqabul rayon polis şöbəsində,şəhər 3 saylı orta məktəbdə bir daha qan yaddaşımız olan Xocalı həqiqətlərini tədbir iştirakçılarına çatdırdı.

     Həmçinin 26 fevral tarixində qoruğa da gelen ekskursiyaçılara Xocalı faciəsi ilə bağlı məlumatlar verildi.

     Hacıqabul rayon MKS-nın 1 saylı şəhər kitabxana filialı ilə birlikdə qoruğun  inzibati  binasında 2015-ci il 18 fevral tarixində Azərbaycanın tarixinə ən dəhşətli və faciəli səhifə kimi daxil olmuş Xocalı soyqırmı ilə əlaqədar sərgi təşkil olundu.”Xocalı-Qan yaddaşımız”və “Xocalı soyqrımı –XX əsrin faciəsi”adlı məruzələr oxundu.Tədbir iştirakçıları ümummilli hüzn günündə bir daha Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla  yad etdilər,bütün şəhidlərimizə Allahdan rəhmət dilədilər.

     Sonda isə öz adımdan və kollektivimiz adından Xocalı soyqırımının bu kədərli iyirmi üçüncü ildönümü günündə Xocalı şəhidlərinin əziz xatirəsini bir daha yad edir, onlara Allahdan rəhmət diləyir, həlak olanların yaxınlarına, doğmalarına, bütün Azərbaycan xalqına bir daha  dərin hüzünlə baş sağlığı veririk.                                                 

    

 

 

                                                                   




Spread the love