18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər günüdür (2018)

Ənənəvi olaraq bu ildə Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda bu gün ilə əlaqədar tədbir keçirildi. Tədbirdə qoruğun elmi işçisi Zaur Cəfərov və bələdçisi Məlahət Həsənova qonaqlara məlumat verdilər. Bildirildi ki, zaman-zaman tarixi abidələrimiz qəsbkarların hücumuna məruz qalmış, dağıdılmış və yandırılmışdır. Bu cür hücumlar Pir Hüseyn Xanəgahından da yan keçməmişdir. Dəfələrlə dağıdıcı hücumlara məruz qalmış xanəgaha ən böyük zərbə 1918-ci ildə erməni quldur dəstələri tərəfindən vurulmuşdur.

Xanəgah 2004-cü ildə qoruq statusu aldıqdan sonra daima dövlətin nəzarətində olmuşdur. 2004-2007-ci illər ərzində qoruqda təmir-bərpa işləri aparılmışdır. 2007-ci ilin 1 sentyabrında Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin, 32 səfirliyin nümayəndəliklərinin və bir çox elm xadimlərinin iştirakı ilə açılış mərasimi keçirilmişdir.

 

18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər günüdür. Bu gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Bu günün təsis olunmasında əsas məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına cəlb etməkdir.

Dünya xalqlarının keçmişi, həyat tərzi onun tarixi abidələrində və yerlərində təcəssüm olunur. Nələrsə bu günümüzə bütöv gəlib çatıb, nələrdənsə xarabalıqlar qalıb, nələrsə öz izini ancaq nağıllarda, əfsanələrdə saxlayıb. Bunun da təbii fəlakətlər, müharibələr, “bərpa” adı altında məqsədli dəyişmələr, dağıdılma və nəhayət, zaman kimi səbəbləri var.

Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri göstərir ki, Azərbaycanda yaşamış insanların tarixən keçdikləri keşməkeşli və şərəfli yollar qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapıb. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz bağlardır.

Milli mədəni irsin qorumasını təmin etmək, “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” isə bundan sora görüləcək işlərin istiqamətini dəqiq müəyyən edən qiymətli bir sənəddir.

Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli – 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi qalıb. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmən tapdağı altındadır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, “Qala” Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, “Nardaran” Tarix-Mədəniyyət Qouğunda 1 dünya, 5 ölkə, 7 yerli, “Atəşgah” Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınmışdır. Son illər ərazidə 1700-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.

Pir Hüseyn Xanəgahı qədim abidələrimizdən biridir. XI-XIV əsrlərin nadir sənət incisi, bütün dünyada məşhur olan Pir Hüseyn Xanəgahı Hacıqabul ərazisində yerləşir. Xanəgah orta əsrlərə aid Azərbaycan memarlıq kompleksi olub qədim Bakı-Salyan ticarət yolunun 127 km yerləşir. Onun tarixi ta XI əsrə dayanır. Əsas binaları XIII-XIV əsrlərdə tikilib. Xanəgaha aid kaşı bəzəkləri hər zaman diqqət mərkəzində olmuşdur. Burada tədqiqat işləri aparan erməni alimləri kaşı bəzəklərini oğurlayıb bir çox muzeylərə satmışlar. Hal-hazırda həmin kaşılar Sankt-Peterburq Dövlət Ermitajında, Moskva Şərq Mədəniyyəti Muzeyində, Gürcüstan Dövlət Muzeyində, Fransanın Luvr muzeyində, Britaniyanın və digər ölkələrin muzeylərində nümayiş etdirilir.

 

Hacıqabul rayonunda 14 qeydiyyata alınmış abidə :

 

Qubalı-Baloğlan kəndi – Körpü –XVII-XVIII əsrlər

Hacıqabul gölünün şərq sahili – Karvansaray – orta əsr

Güngörməz müdafiə qalası –Yanıq Qubalı – Tunc dövrü

Küp qəbirlər – Udulu – Antik dövr

Antik qəbristanlıq – Udulu

Qədim qəbristanlıq – Udulu (Tava kəndi)

Kurqanlar – Udulu – Tunc dövrü

 

Xanəgah ərazisində olan 7 abidə:

 

Qala divarları – XIII əsr (ölkə əhəmiyyətli)

Sərdabə – XI əsr (ölkə əhəmiyyətli)

Məscid-minarə – XIII əsr (ölkə əhəmiyyətli)

Karvansaray – XIII əsr (ölkə əhəmiyyətli)

Köməkçi otaqlar – XII-XIV əsrlər (ölkə əhəmiyyətli)

Türbə – orta əsr (yerli əhəmiyyətli)

Köhnə qəbristanlıq – orta əsr (yerli əhəmiyyətli)

Bundan əlavə Hacıqabul ərazisində 18 yeni abidə aşkarlanıb.

Abidələrimizin tanınması, təbliği, bərpası və qorunması üçün təkcə bu günü gözləməməliyik. Abidələrimizi tanıtmaq üçün əvvəlcə özümüz onları tanımalı, öyrənməliyik. Bunun üçün “tək əldən səs çıxmaz” da deyə fikirləşməyək, hər birimiz əlimizdən gələni etməliyik ki, bunları gələcək nəsillərə ötürə bilək və başqalarının abidələrimizə sahib çıxmaq kimi niyyətlərini puç edək.




Spread the love