Narkomaniya bəşəriyyətin ümumi bəlasıdır

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək tədbirlər üzrə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2018-ci ilə dair İş Planı təsdiq edilmişdir. Sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub.

Təəssüflər olsun ki, bu gün Azərbaycanda da bu bəlaya düçar olanların sayı heç də az deyil. Bu bəlanın qarşısını almaq üçün ölkəmizdə də xeyli işlər görülüb. Belə ki, ölkəmiz 1961-ci ildə BMT-nin Narkotik Vasitələrin İstifadəsi üzrə Konvensiyaya, 1971-ci ildə Psixotrop Maddələrin İstifadəsi üzrə Konvensiyasına qoşulub. Həmçinin “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və Psixotrop Maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürüb. Narkomaniya ilə mübarizədə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artıracaq. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin yetişmələri üçün həlledici rol oynayacaqdır. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan bu ağır bəlanın əzabını yaşamaqdadır ki, onun da 47 milyonu Latın Amerikası ölkələrinin payına düşür.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun əməkdaşları “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təbliğat xarakterli çıxışlar edirlər. Qoruqda təşkil olunan təbliğat xarakterli görüşlərdə Hacıqabul 5 saylı, Navahı kənd tam orta məktəbin, Şirvan 5 saylı və digər məktəblərin şagirdləri iştirak edirdilər. Qoruq əməkdaşları keçirilən bu görüşlərdə şagirdlərə bildirdilər ki, narkomaniya bəşəriyyətin ümumi bəlasıdır. Bu bəlaya düçar olmamaq üçün özümüzü və ətrafımızı da maarifləndirməliyik. Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan “ağ ölüm”dür. Narkomaniya yunan sözüdür. “Narko” donub qalmaq, “maniya” psixi pozğunluq deməkdir. Adından da göründüyü kimi, bəşəriyyət uzun illərdir ki, onun törətdiyi dəhşətli fəsadlar qarşısında cavabı tapılmaz sual işarəsinə dönüb.

Uşaqlar bizim gələcəyimizdir. Onları bu zərərli vərdişlərdən uzaq tutmaq üçün əlimizdən gələni etməliyik. Bu cür təbliğat xarakterli görüşləri mütəmadi olaraq keçirməyə davam edəcəyik.

Qeyd edək ki, 26 iyun “Beynəlxalq Narkomaniyaya Qarşı Mübarizə Günü”dür.








Spread the love