“18 May Beynəlxalq Muzeylər Günü” dür.

Bu gün ölkəmiz “18 May Muzeylər Günü” nü qeyd edir.Bu, mədəniyyətimizə, muzeylərimizə verilən qiymətin bariz sübutudur.Bu günki tarix ölkəmizin hər yerində qeyd olunduğu kimi, Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da qeyd olunmaqdadır.Artıq “Pir Hüseyn Xanəgahı” nda tədbirlərin keçirilməsi ənənə halına çevrilmiş və belə tədbirlərin ərsəyə gəlməsi qoruğa gələn qonaqlarda xoş təəssürat oyatmışdır.
“18 May Muzeylər Günü” ilə əlaqədar hazırlanmış tədbirlər planına əsasən, 16-18.05.2022-ci tarixlərində qoruğa gələn qonaqlara günün mahiyyəti haqqında məlumatların verilməsi nəzərdə tutulmuşdur.Tədbirlər planı çərçivəsində 16-18.05. tarixlərində qoruğa Şirvan şəhər Tibb Kursunun tələbələri, Şirvan şəhər 18 nömrəli məktəb-litseyin şagirdləri və digər ekskursiyaçılar gəlmiş və onlara günün mahiyyəti haqqında ətraflı məlumatlar verilmişdir.
18.05.2022-ci il tarixində isə qoruqda “18 May Muzeylər Günü” ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə qoruq əməkdaşları ilə yanaşı, qoruğa gələn qonaqlar, məktəbli və tələbələr də iştirak etmişlər.Tədbiri giriş nitqi ilə açan qoruğun elmi işçisi Zaur Cəfərov tədbir iştirakçılarını salamlamış və “18 May Muzeylər Günü” nün təsis edilməsindən geniş söz açmışdır.O, öz nitqində bildirdi ki, Beynəlxalq Muzeylər Günü İCOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilmişdir.O, məruzəni davam etdirərək bu günün mahiyyətindən danışdı.Sonra mövzu ətrafında çıxışı davam etdirilməsi üçün söz qoruğun ekskursiyaçısı Naibə Məmmədovaya verildi.O, mövzunu davam etdirərək, bildirdi ki, Ümummilli lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirlməsini diqqətə çatdırdı.Nitqinin sonunda o, bildirdi ki, hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edir.Çıxışlardan sonra məktəblilərin sualları qoruq əməkdaşları tərəfindən həvəslə cavablandırıldı.
Qoruğa gələn müəllimlər minnətdarlıqlarını bildirərək tədbirlərin ərsəyə gəlməsində əməyi keçən qoruq əməkdaşları və rəhbərliyinə təşəkkür etmişlər.
Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq
qoruğunun elmi işçisi Zaur Cəfərov

Spread the love