“Qafqaz İslam Ordusunun Zəfər Yolu ilə” adlı anım yürüşü

Azərbaycan Skautlar Assosiasiyası və Türkiyə İzcilik Federasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə “Qafqaz İslam Ordusunun Zəfər Yolu ilə” adlı anım yürüşü keçirilir. Yürüş sentyabrın 9-da Gəncə şəhərindən başlayıb. Proqrama əsasən iştirakçılar Qafqaz İslam ordusunun 100 il bundan öncə hərəkət etdiyi Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonları ərazilərindən keçərək sentyabrın 15-də Bakıya çatacaqlar.

Əllərində Türkiyə və Azərbaycan bayraqları tutaraq marşlar oxuyan 80 nəfərdən ibarət “Zəfər yolu əsgərləri” olduqları döyüş bölgələrində çadır düşərgələri quraraq gecələyir, Azərbaycan və Türk şəhidliklərini ziyarət edir, dualar oxuyur, məzarların ətraflarını təmizləyirlər.

“Zəfər yolu ilə” adlı yürüş Qafqaz İslam Ordusunun xalqımızın tarixindəki yeri və roluna həsr edilib. XX əsrin əvvəlində – çox mürəkkəb tarixi şəraitdə Osmanlı imperiyasının Azərbaycana hərbi yardımı Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun timsalında həyata keçirilib.

Bakının və ətraf qəzaların erməni-bolşevik işğalından xilas olunmasında Qafqaz İslam Ordusu böyük xidmətlər göstərib. Məhz 15 sentyabrdan sonra Milli hökumət Gəncədən Bakıya köçürülüb və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı élan edilib.

Qeyd edək ki, 1918-ci ildə erməni-bolşevik dəstələri Azərbaycanın Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonları ilə yanaşı Hacıqabul rayonunun Qubalı Baloğlan kəndi ərazisində də qırğın törətmişlər. Qubalı Baloğan kəndi 1918-ci ildə Şamaxı qəzasının tərkibində olub. Həmin il mayın 2-ci yarısında Bakı istiqamətindən gələn daşnak-bolşevik quldur dəstələrinin törətdikləri qanlı qırğınlara bu kənd daha çox məruz qalıb. Həmin vaxt Azərbaycana dəstəyə gəlmiş 5-ci Qafqaz İslam Ordusunun döyüşçüləri Nuru Paşanın başçılığı ilə qəhrəmancasına vuruşmaqla itkilərə də məruz qalıb. Həmin vaxt kənd əhalisinin 535 nəfəri qətlə yetirilib. Həmçinin 6 türk və 6 yerli əsgər qəhrəmancasına şəhid olublar. Şəhid olmuş əsgərlər Qubalı Baloğlan kəndi ərazisində dəfn olunublar. Hazırda 12 məzarın yerində Türkiyənin Azərbaycandakı səfirliyinin maliyyə yardımı ilə abidə-kompleksi inşa olunub. Abidə-kompleksin divarına Qazi Nuru Paşanın sözləri də həkk edilib. Həmçinin Azərbaycan və Türkiyənin bayraqları ucaldılıb.

Çox məmnunuq ki, “Qafqaz İslam Ordusunun Zəfər Yolu ilə” adlı anım yürüşündə 80 nəfərdən ibarət “Zəfər yolu əsgərləri” Hacıqabul rayonunun Qubalı Baloğlan kəndi ərazisindən də keçdilər. Yürüş zamanı onlar Qubalı Baloğlan Türk Şəhidliyini ziyarət etdilər. Daha sonra “Zəfər yolu əsgərləri” Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu ərazisində düşərgələr quraraq  bir gecə burada qaldılar. Gün ərzində elmi işçilər, bələdçilər tərəfindən onlara Xanəgahın tarixi haqqında ətraflı şəkildə məlumat verildi və onları maraqlandıran suallar cavablandırıldı. Onların rahatlıqlarını təmin etmək üçün əlimizdən gələni etməyə çalışdıq. Sonda xatirə şəkilləri çəkildi.

Azərbaycan və Türkiyə daim bir-birinə dəstək olub. Azərbaycanlıların Çanaqqala savaşında könüllü şəkildə iştirakı ölkələrimiz arasında qırılmaz dostluq, qardaşlıq münasibətlərinin qədim köklərə bağlılığının sübutudur. Bu dəyərlərin gələcək nəsillərə çatdırılması vacibdir. Qafqaz İslam Ordusunun 1918-ci ildə həyata keçirdiyi qardaşlıq missiyası heç vaxt unudulmayacaq, daim minnətdarlıq hissi ilə xatırlanacaq. Ümid edirik ki, “Bir millət, iki dövlət” şüarını əldə rəhbər tutan qardaş ölkələrin bayraqları tezliklə işğal altındakı torpaqlarımızda dalğalanacaq.

Bu şərəfli yolda “Qafqaz İslam Ordusunun Zəfər Yolu ilə” adlı anım yürüşündə iştirak edən “Zəfər yolu əsgərləri”nə, eləcə də əməyi keçən hər kəsə uğurlar arzulayırıq.

Spread the love