Tarix-mədəniyyət abidələrinin mühafizəsi müzakirə edildi

Mayın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rayon (şəhər) mədəniyyət və turizm şöbə (idarə) rəhbərləri və tarix-mədəniyyət abidələrinin mühafizləri ilə görüşü keçirildi. 
Görüşdə çıxış edən nazir bildirdi ki, tarix-mədəni irsimizin qorunmasında bu sahədə çalışan insanların, o cümlədən abidə mühafizlərinin üzərinə mühüm vəzifələr düşür. Qarşıda duran mühüm vəzifələrdən biri Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar işlərin həyata keçirilməsini ən yüksək səviyyədə təmin etməkdir. 
Nazir 2014-cü il dekabrın 14-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılmasının əhəmiyyətini vurğuladı: “Bu qurumun əsas vəzifəsi Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəni irsi qorumaq və gələcək nəsillərə çatdırmaqdır. Bu gün biz nə qədər müasirliyə, geniş beynəlxalq təcrübəyə yiyələnməyə çalışırıqsa, eyni zamanda, bu işlərin görülməsi xalqımıza xas olan böyük bir mirasın, tarixi keçmişimizin qorunmasına yönəlməlidir. Düşünürəm ki, bugünkü görüşdə qaldırılan məsələlər xüsusilə bölgələrdə yerləşən tarix-mədəniyyət abidələrinin mühafizəsi işində bir dönüş olacaq”.
Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Zakir Sultanov, nazirliyin Tarix-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin müdiri Rüfət Nuriyev, «Azərbərpa» Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli çıxış edərək respublika ərazisindəki tarix-mədəniyyət abidələrinin mühafizəsində qarşıya çıxan problemlər barədə danışdılar, bu istiqamətdə görülməli işlərdən söz açdılar. 
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görüşə yekun vuraraq mövcud problemlərin həlli ilə bağlı tapşırıq və tövsiyələrini verdi.








Spread the love