Qəzet sentyabr ayı

Balaca Pəhləvan

Onun cəld hərəkətləri, yaşından kiçik görünməsi, Allaha bağlılığı diqqəti cəlb edir…

 Kərim Elşad oğlu Həsənov 16 may 2001- ci ildə Hacıqabul şəhərində anadan olub. Erkən yaşlarında atasını itirən Kərim 2007- ci ildə Hacıqabul şəhər 1 saylı tam orta məktəbin I sinfinə qəbul edilib.

Hələ o vaxt onda idmana böyük maraq yaranmışdı. IV sinifdən sərbəst güləşlə məşğul olmağa başladı. İlk müəllimləri Teyyub müəllim və Fuad müəllim oldu. 7-8 aydan sonra Kərim Şirvan şəhərində məşqlərini davam etdirdi. Məşqçiləri  Çingiz Əhmədov və Araz Qurbanov onun gələcəyinə inanaraq ciddi məşğul olmağa başladılar.

Uğurlar bir-birinin ardınca gəlməyə başladı. 2012 –ci ildə İmişli şəhərində açıq birincilikdə 29 kq  çəki dərəcəsində “Açıq birincilik” də I yerə çıxdı. 13-14 apreldə Şirvan şəhər birinciliyində III yeri tutdu. Elə həmin ilin “İdman ili” elan olunması ilə əlaqədar 15 dekabrda rayonlararası yarışda yenə birinci oldu.

2013- cü il fevral ayının 22-23 –də Şirvan şəhərinin açıq birinciliyində II yerə layiq görüldü. Həmin il may ayının 11-12 –də Şirvan şəhərində yeniyetmələr arasında yarışda III yerə çıxdı. Yenə də 2013 –cü ildə, noyabr ayının 23-24 –də yeniyetmələr arasında yarışda II yerə yüksəldi.

Bu ilin 14-15 fevralında Şirvan şəhərində yeniyetmələr arasında yarışda III yerə çıxdı. Yaşadığımız il avqust ayının 23-24 –də Lənkəran şəhərində pəhləvan Yaşar Cavadovun xatirəsinə həsr edilmiş turnirdə III yerə çıxdı.

İnanırıq ki, irəlidə gənc pəhləvanı  çox uğurlar gözləyir. Arzusu respublika, Avropa, dünya və Olimpiya çempionu olmaqdır.

Allah səni arzuna çatdırsın, Kərim !

Mübariz Xəlilov

Xatirələrdə yaşayan ömür

Sentyabr ayının 13- ü idi. Təhsil Şöbəsinin Həmkarlar təşkilatının katibi Kiyafət xanım Əmirbəyova gözlənilmədən mənə zəng etdi :

          – Mübariz müəllim, hardasan ?

Mən cavab verdim ki,qoruqda işdəyəm. O mənə xatırlatdı ki, bu gün qardaşlarım, bacılarım, qohum-əqrəbamız yığışıb səni gözləyirlər. Atamın vəfatının 30- cu ildönümünü qeyd edirik.

El ağsaqqalı olmuş Molla Yüzbaşı kişinin nurani siması həmin anda gözümün önünə gəldi.

Xatırladım ki, qəzetimizin aprel 2014 –cü il 4 (40) №-li sayında Molla Yüzbaşı haqqında yazı vermişdik.

İlk öncə Hacıqabul el qəbristanlığına gəldik. Qəbristan əhlinin ruhuna salavat çevirib, fatihə surəsini oxuduq.

Sonra ağsaqqalın yurdunda ehsan verildi. Ailədə 10 övlad böyümüşdür, hamısı da təhsilli və açıq fikirlidir.

Ramiz Əmirbəyov 1970- ci ildən Moskvada yaşayır, bizneslə məşğuldur. O, xatırlayır ki, atamız yaxşı avazla oxuduğu quran ayələrini rus dilinə də tərcümə edirdi. O vaxt bəzi mollalar yasini 10-20 adam üçün cəm şəklində oxuyurdu.

 Ramiz xatırlayır ki, atası məclislərdən axşam dönər, mütləq saat 21:00 –da televizorun önündə oturar, Moskvadan  xəbərlər proqramına – “Vremya” ya baxardı. Deyərdi ki, müasir dövrdə molla da müasir olmalıdır. Zarafatı olsa da, ağır adam idi. Pul istəyəndə bir şahı, bir abbası verərdi, ya da deyərdi ki, yoxdur. Görərdik ki, əlini cibinə atıb axtarır, nəhayət dəsmalını çıxardıb deyərdi ki, pul yoxdur. O, istəmirdi ki, uşaqları bədxərc olsun. İstərdi qənaətcil olaq.

Ramiz xatırlayır ki, gecələr hind kinosuna bacılarımı mən aparardım.

Həmçinin yada saldı ki, Oktay Həsənov Moskvadan qayıdandan sonra nəfəsli orkestr yaratdı. Mən də orada əvvəlcə klarnet, sonra isə saksofon çalmağa başladım. Bu hadisə 1962- ci ildə olmuşdu. Mən həm də ifaçılıq edib oxuyurdum. Məndən başqa mərhum İbrahimov Rafiq, Vladimir Qalkin də saksofonda çalırdılar. Hərbi şəhərcikdə, klubda, Bakıda konsertlər verirdik. Hətta o dövrdə “Bakınskiy raboçiy” qəzetində haqqımızda yazı da dərc edilmişdi.

Ramiz deyir ki, babam Əmir bəyin faytonu vardı. Səhər tezdən nehrə yağı ilə çay- çörəyini yeyəndən sonra Bakıya gedər, Şüvəlanda olan dostu ilə söhbət edər, nahar yeyib, axşam kəndə qayıdardı.

Elə o vaxt Bakıda vəfat edib, orada da basdırıblar. Sonralar istəyiblər ki, gətirib Navahıda dəfn etsinlər. Qəbri açanda görüblər ki, meyid necə var, eləcə də qalmaqdadır.

Ramizin 3 övladı: 2 oğlu, bir qızı var. Böyük oğlu Dima ABŞ- da yaşayır, 5 uşağı var. 2-si ABŞ-da, 1 –i Almaniyada, 2 -si  isə Rusiyada doğulub.

Yüzbaşı kişinin digər oğlu Zöhrab 1960 –cı ildə dünyaya gəlib. Xarkovda ali məktəbi yüksək qiymətlərlə bitirib. Hazırda Bakıda rabitə sahəsində işləyir. 2 uşağı var. Uşaqları magistraturada oxuyublar.

Zöhrab da atasının çox ağır adam olduğunu xatırlayır. Siyasətlə maraqlandığını yada saldı. Bədxərc olmadığını, uşaqlarına da bunu təlqin etdiyini söylədi.

Daha bir oğul – Ədalət Kiyevdə ali təhsil almışdır. O xatırlayır ki, institutun I kursunda oxuyanda atam hələ sağ idi. O deyir ki, atam solaxay idi, ancaq çox gözəl yazı yazar və şəkil çəkərdi. Hər işdən baş çıxarardı.

Yeznəsi və bacısı oğlu Avtandil dispetçer işləyib. Atası da dəmiryolçu olub. O da Yüzbaşı kişinin əsl el ağsaqqalı, demokratik insan olduğunu xatırlayır.

Kiçik qızı Gülnarə 1958 –ci ildə anadan olmuşdur. O, xatırlayır ki, 1975 –ci ildə qəbul imtahanına gedərkən gecikdim və imtahana buraxılmadım. Evdə çoxlu ağladım. Atam məni sakitləşdirib dedi ki, ağlama, hər şeydə bir xeyir var. Sonrakı il Moskvada Texnologiya İnstitutuna imtahan verib qəbul olundum. 5 il yüksək qiymətlərlə oxudum. Vladimir şəhərinə göndərilirdim, amma atam xəstə olduğu üçün təyinatla vətənə gəldim. 2 aydan sonra atam vəfat etdi. Çox zəhmətkeş insan idi. Həyətin bütün işlərini özü görərdi. O, mənə deyərdi ki, sən mənə qız yox, oğulsan.

3 uşağım var, ali məktəbi qırmızı diplomla oxuyublar. Nəsilliklə hamımız savadlı olmuşuq. Bu irsən, kökdən gəlir.

Maya və Tubuxanım əkiz bacılardır. İkisi də ali təhsilli rus-dili müəlliməsidirlər.

Maya yada salır ki, biz atamızdan çəkinərdik. Ancaq qeyd edildiyi kimi, çox demokratik insan idi. Elçi gələndə deyərdi ki, özünüz istəyənə gedin. Nə təhsildə, nə ailə həyatında məcburiyyət yox idi. Hamımız öz istəyimizlə oxuyub,ailə qurmuşduq.

Zöhrabın 5 yaşı olanda özü ilə Gürcüstana aparmışdı. Tiflisdə olanda bir nəfər ona yaxınlaşıb deyər ki, sən əsil dağlıya oxşayırsan. Atam ölənə qədər dik gəzib, həyətin bütün səliqə – səhmanına özü baxıb. 10 yaşım olanda Hacıkənddə pioner düşərgəsində zəhərləndim. Dedim ki, 10 uşağı var, atama xəbər verməyin, narahat olacaq.

Maya təqaüdə çıxsa da, Kaspi Təhsil mərkəzində dərs deyir.

Tubuxanım 1950 –ci ildə anadan olub. Danışdı ki, atamın anasının adı Tubu idi. Anasının adı ilə birləşdirib adımı Tubuxanım qoymuşdu. İnstituta qəbul olmağıma inanmırdı. Əlimi sıxıb dedi ki, təbrik edirəm. Sağ olun ki, üzümü ağ elədiniz. İnstitutu qırmızı diplomla bitirdim, ali məktəbdə saxlayırdılar. Ailə vəziyyətimə görə başqa yerə getdim. Atam istəyərdi ki, institutda qalıb işləyəm.

Biz IV-V sinifdə oxuyarkən atamız riyaziyyatdan dərslərimizə kömək edərdi. Atamız da, anamız da təhsilin, elmin tərəfdarı idilər. Anam çox gülərüz idi. Evimiz həmişə qonaqlarla dolu olardı. Atamız Gülşəni çox istəyərdi, ona çox oxşayırdı.

Nəvəsi, ehtiyatda olan polkovnik leytenant Aftandil Qarabağda, Kəlbəcərdə döyüşmüş, Müdafiə Nazirliyində işləmişdir. Hazırda təqaüdə çıxıb. Fövqəladə Hallar Nazirliyində mülki işdə çalışır. O deyir ki, böyüklər xatırlayır ki, babam axşam evə qayıdanda onun üçün xörək qoyarkən zarafatla deyərmiş ki, gör nə qədər yemişsiniz ki, mənim üçün də saxlamışsınız.

Beləliklə, söhbət uzandıqca xatirələr çözələnir, illərin arxasından insanlar və talelər yada düşür.

Əcəb qəribə sirli dünyadır. İnsan öləndən sonra əməlləri ilə həyatda yaşayarmış. Yaxşılar heç zaman unudulmur.

Allah rəhmət eləsin !

Mübariz Xəlilov

Əsrlərin daş yaddaşından süzülən Xınalıq

11 sentyabr 2014 –cü il tarixdə qoruğumuzun əməkdaşları Quba rayonundakı “Xınalıq” Dövlət Tarix- Memarlıq və Etnoqrafiya Qoruğunda təcrübə mübadiləsində oldu.

Maşınımız sübh tezdən yola düşdü. Nəhayət, Quba rayonuna gəlib çatdıq. Quba rayonu 2014 –cü ildə “Gənclər paytaxtı” elan olunub. Abadlıq, səliqə-səhman göz oxşayır.

Yol boyu qlobal istiləşmənin nəticələri özünü göstərirdi. Dağ çaylarının əksəriyyəti qurumuşdu. Nəhayət, səfalı Qəçrəşə çatdıq. Meh əsir, külək ruhu oxşayırdı. Qudyalçay yol boyu gördüyümüz yeganə suyu olan yeganə çay idi. Körpünün üstündə şəkillər çəkildi.

Bu da Xınalığa gedən asfalt yol… Dolama yollar başımızın gicəllənməsinə səbəb olurdu. 55 km. yolu çox çətinliklə keçərək 4 saata Xınalığa çatdıq. Xınalıq dili dünyanın azsaylı antik dillərindən biridir. Xınalıqlılar Qafqaz sıra dağlarının cənubunda Qudyalçayın şərq hissəsində, Xınalıq kəndində yaşayırlar. Onlar kəndlərini “Kətiş” , özlərini isə “kəttid” adlandırırlar.

XIX əsrin I yarısında rus və alman dilçi alimləri araşdırıblar ki, Alban tayfalarından olan xınalıqlılar Şahdağ etnik qrupuna daxildirlər. Bu dili Kanada, ABŞ və Almaniyada öyrənən mərkəzlər var. Kənd dəniz səviyyəsindən 2300 m. yüksəklikdə yerləşir. Xınalıqlıların ilkin əlaqəsi Qəbələ və Şamaxı rayonu ilə olub. Qəbələ yolunun üstündə qədim karvansaray və yaşayış məntəqəsi var. Xınalıqlılar müsəlmandırlar. Kəndin ərazisində sahəsi 40 hektardan artıq olan qəbristanlıq var. Çoxmərtəbəli qəbirlərin olması kəndin qədimliyinə dəlalət edir. Heyvandarlıqla məşğul olub, yayda yaylaqda, qışda qışlaqda olublar. Vaxtı ilə Dağıstanın Müşkül mahalında qışlaqları olub. Artıq uzun illərdir ki, onlar Hacıqabul rayonunda otlaq yerləri alıblar. Elə qoruğumuzun ətrafında da onların qışlaqları var. Tez-tez qoruqda olurlar.

Xınalıqda IX əsrdən başlayaraq 1935-1940 –cı illərə kimi 9 məscid və 9 su dəyirmanı olub. Hazırda məscidlərin altısı qalır. Su dəyirmanlarından isə cəmi biri işləyir. Kənddə yeni, müasir internet tipli məktəb fəaliyyət göstərir.

İlkin avtomobil yolu 1968-1969 –cu illərdə çəkilib. 2006 –cı ildə Prezidentin sərəncamı ilə son model elektron telefon xətti çəkilmişdir. Qubadan Xınalığa isə yeni şose yolu çəkilmişdir.

Prezidentin 19 dekabr 2007 –ci il tarixli 2563 saylı sərəncamı ilə “Xınalıq” Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir.

IX əsrin sonu – X əsrin əvvəllərində Dərbənd hakimi Hişamın qardaşı Əbu Müslüm bütün Dağıstan və indiki Azərbaycanın şimal-şərq ərazisində islam dinini yaymış və məscidlər tikdirmişdir. Xınalığın ilk məscidi – Əbu-Müslüm məscidi o vaxt tikilmişdir. Kəndin əsas məscidi Cümə məscididir. Son dövrdə bərpa olunub.

Biz Xınalığa çatanda qoruq direktoru Həsən müəllim işçilərlə qədim ərazilərdə reyd keçirirdi. Bu başdan deyək ki, qoruğun inzibati binası çox köhnə taxta binada yerləşir və ona icarə pulu ödəyir. Fond saxlancı üçün yer yoxdur. İnzibati binaya böyük ehtiyac vardır. Bizi Qoruğun baş elmi işçisi Nəcməddin Babayev qarşıladı və müəssisə haqqında məlumat verdi.

Bəri başdan deyək ki, xınalıqlılar çox qonaqpərvərdirlər. Bizi Nəcməddingilin evində atası, qocaman pedaqoq Ələddin müəllim mehribanlıqla qarşıladı. Qoyun kəsdilər, samovar qaynatdılar.

Bir azdan qoruğun direktoru Həsən Ağayev də gəlib çıxdı. Xınalıq haqqında geniş məlumat verdi.

Biz də öz növbəmizdə Qoruğumuz haqqında ətraflı məlumat verdik. Kitabçalar, broşuralar, qəzetlər verdik. Onlar da bizə kitabçalar təqdim etdilər.

Xınalıqda təbiət abidələri də vardır. “Xırmançay” şəlaləsi, “Qarı” mağarası, “Zanqar” buzlu mağarası, “Qırx Abdul baba” pir-inanc yeri və s. vardır.

Xınalıqda ilk arxeoloji qazıntılar XX əsrin 70-80 –ci illərində aparılmış,bu yerlər orta əsrlərə aid edilmişdi.

Son dövrdə bu qədimliyi, unikallığı qorumaq üçün 100 -ə yaxın yaşayış evinin yararsız vəziyyətdə olan dam örtüyü (6275 m2) dəyişilmiş, Əbu-Müslüm məscidi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2012-2013 –cü illərdə bərpa edilmişdir. AMEA –nın aparıcı elmi işçisi İdris Əliyevin rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı 2010 –cu ildə Xınalıq kəndindən 10 km şərqdə orta tunc dövrünə aid kurqan aşkar edilmişdir.

Bu iş 2012 –ci ildə də davam etdirilmiş, tariximizin keçmişinə bir daha işıq salınmışdır.

Xatirə şəkilləri çəkiləndən sonra Xınalığın mehriban sakinlərinə “sağ ol” deyib, yola düzəldik.

Nəhayət, axşam saatlarında doğma Hacıqabulumuzun isti nəfəsi bizi vurmağa başladı. Bu da Aran, doğma Vətən!

Mübariz Xəlilov

Vida sözü

22 sentyabr 2014 –cü il. Qəflətən eşitdiyim bir xəbər məni sarsıtdı: Hacıqabul d/y stansiyası 4№ Rabitə və İşarəvermə distansiyasının rəisi Rasim Qasımov dünyasını dəyişmişdi. Xəstə olduğunu bilirdim. Ancaq ölümünə inanmadım, elə indi də inana bilmirəm. Mən, uzun illərdi ki, onunla dostluq edirdim. Uşaqlarımız da bir məktəbdə oxumuş və dost olmuşdular.

Çox vaxt Hacıqabulun dəmiryolu idarə rəhbərləri bir yerə yığışanda mən də onlarla olurdum. Vağzalın rəisi Rafiq Qafarov zarafatca Rasimə “uzlavoy” deyərdi. Keçmişdə Hacıqabulda qovşaq dəmiryolu partiya komitəsinin katibi belə adlanırdı. “Uzlavoy partkom” – o da çox vaxt Əli – Bayramlı şəhər partiya komitəsinin büro üzvü olardı. Bizim yadımızda qalanlardan Piriyev Abduləhəd,  kişi  Şirəliyev Əlisahib kimi ziyalılar olub.

Rasimlə söhbətimiz tutardı. Dünyagörüşümüz də eyni idi. Heç kimə əyilməzdi, yaltaq deyildi, şəxsiyyətini həmişə gözləyərdi. Çox gözəl ailə başçısı, dost, təşkilatçı və rəhbər işçi idi. Uzun müddət ictimai işlərdə fəal çalışmışdı. Hacıqabul şəhər bələdiyyəsinin birinci çağırışından ta vəfat edənə qədər onun üzvü seçilmişdi. Rasim müəllim ilə tay-tuş idik. Həmişə bayramlarda dəmiryolu idarə rəisləri ilə bərabər Dövlət Dəmir Yolu İdarəsinin rəis müavini Əlirza Süleymanova təbrik teleqramı yollayardıq. Qoy görsünlər ki, Əlirza müəllimin yerliləri ona necə hörmət edirlər. Əslində Əlirza müəllimin bəlkə də buna ehtiyacı yox idi. Ancaq təəssübkeşlik hər oğlanın işi deyildi.

Rasim Qasımov 1952 –ci ilin 6 dekabrında Padar kəndində, əslən Lahıc kəndindən olan Əlicavad kişinin ailəsində dünyaya göz açmışdır.

O, səkkizinci sinfi bitirəndə atasını itirmiş, IX-X sinifləri Hacıqabulda oxumuşdur.

Azərbaycan Dövlət Dəmir Yolu Hacıqabul 4 saylı Rabitə və İşarəvermə Distansiyasının rəhbərliyi Əlicavad kişinin xatirinə Rasimi 16 yaşında ikən montyor köməkçisi kimi işə götürdü.

O, Bakı şəhərində bir illik dəmir yol texniki peşə məktəbində oxuyub mexanik kursunu bitirdi. Üç il öz iş yerində ixtisası üzrə işlədi. Yenidən Bakıya yollandı. Sənədlərini Dəmir Yol Nəqliyyatı Texnikumuna verdi, qiyabi  yolla təhsilini davam etdirdi.

Rasim oxuyub işləməklə atasını əvəz etdi, qardaş-bacılarının təhsil almasına kömək etdi.

1972-1973 –cü illərdə ordu sıralarında qulluq etdi. Hərbi xidmətdən sonra yenidən doğma Rabitə və İşarəvermə Distansiyasına dəvət olundu.

2 il elektromexanik, 3 il böyük mexanik, 3 il mühəndis… 1979 –cu ildə o, texnikum təhsilini başa vurur. Rasimin xidmətini, işgüzarlığını nəzərə alıb, 1983 –cü ildə distansiya rəisinin müavini, 1991 –ci ildə bu böyük kollektivin rəhbəri təyin edirlər. 160 km. dəmir yolu xəttinin təhlükəsizliyi ona həvalə olunur.

Rasim Bakı Qərb Universitetinin İdarəetmə və Hüquq fakultəsinə daxil olur və ali təhsil alır.

Rasim Qasımov 1980 –cı ildən ailəli idi. İki ağıllı oğlu var: Ramin və Orxan. Hər ikisini oxutdurub və toyunu edib, iki nəvəsi var.

Mən uzun müddət dərs hissə müdiri və məktəb direktoru işləmişəm. Həmin illərdə çətinliklər çox idi. Rasim müəllim həmişə məktəbin xırda-para təmir işlərinə kömək edərdi. Eləcə də uzun müddət 10 № dəmir yol orta məktəbinə himayədarlıq edib və valideyn komitəsinin sədri olub.

Qarabağ savaşı başlayanda Rasim müəllim hər işdə öndə gedirdi. O zaman Naxçıvan-Şərur dəmir yol xəttinin yenidən qurulması və avtomatlaşdırılması işinə ən təcrübəli, savadlı kadrlardan qrup düzəldərək, ora ezam etdilər. Rasim Qasımov da qrupun içərisində idi. Bu gərgin işə görə Rasim Qasımov pul mükafatı və SSRİ Dəmir Yol Nazirinin öz imzası olan yazılı qol saatı ilə mükafatlandırıldı.

1993 –cü ildə Respublikanın ən böyük sərnişin stansiyası Biləcərinin dəmir yol elektrik mərkəzləşmə postu qəflətən sıradan çıxdı.Bu çətin və mürəkkəb işi görmək üçün əvvəllər Moskva və Leninqraddan mütəxəssislər dəvət olunardı.

Məlum hadisələrə görə Dövlət Dəmir Yol İdarəsi öz qüvvəsini səfərbər etdi. Ən yaxşı mütəxəssislərdən ibarət heyət düzəldi. Rasim də bu heyətdə idi.

Göstərdiyi fədakar əməyə görə Rasim Əlicavad oğlu Qasımov “Azərbaycan Respublikasının fəxri dəmiryolçusu” adına layiq görüldü.

Rasim Qasımov çox geniş qəlbə malik xeyriyyəçi idi. Qarabağda könüllü döyüşən hacıqabullu gənclərə dəfələrlə yardım etmiş, rabitə işinin qurulmasında əlindən gələni əsirgəməmişdi.

Mən Qoruqda işləyərkən Rasim müəllim oradakı işlərimizə də yaxından kömək edirdi. O, “Mədəni İrs” qəzetinin fəal oxucusu və təəssübkeşlərindən biri idi.

Mən onun gördüyü işlərin ancaq az bir hissəsindən danışdım. Rasimin dəfnində çox insan var idi. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacı Sahib Aslanov vida nitqi söylədi və keçdiyi  həyat yoluna qısa nəzər saldı.

    Rahat yat, əziz dostum, qardaşım !

Sən yaşarsan hamı üçün,

Uymadın şöhrətə, ada.

Özü üçün yaşayanlar,

Yaşamayır bu dünyada.

İllər keçəcək, sən unudulmayacaqsan, tanıyanların, dostların, doğma kollektivinin, qohumlarının, əzizlərinin, el-obanın xatirində əbədi yaşayacaqsan.

Allah qəni-qəni rəhmət eləsin !

Mübariz Xəlilov

27 sentyabr Ümumdünya Turizm günüdür

27 sentyabr Ümumdünya Turizm günüdür. 1925 –ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970 – ci il 27 sentyabr tarixində Ümumdünya Turizm təşkilatı kimi formalaşdı. 1979 –cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib.

Zəngin mədəni – tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. 2011 –ci il isə ölkə Prezidenti tərəfindən “Turizm ili” elan edilmişdi. Prezidentin təsdiq etdiyi “ Azərbaycan Respublikasında 2010- 2014 –cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və proqrama uyğun olaraq keçirilən çoxsaylı layihələr ölkədə bu sahənin inkişafına  yeni töhfələr verməkdədir. Proqramın başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılmasıdır. Respublikada əldə olunan sosial – iqtisadi irəliləyiş isə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi kimi mühüm vəzifənin həllinə imkan verir.

Qeyd edək ki, Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunda hər il olduğu kimi bu ildə 27 sentyabrda “Beynəlxalq Turizm ili” münasibəti ilə “Açıq Qapı günü” keçirilmişdir. Rayonun mədəniyyət və təhsil işçilərinin, şagirdlərinin, digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qoruğun əməkdaşları tədbiri yüksək səviyyədə keçirdilər.

Əvvəlcədən deyək ki, Qoruğun bələdçisi, ixtisasca ingilis dili müəlliməsi olan Nuranə Ömərova tədbiri  çox məharətlə idarə etdi. Tədbirdə çıxış edən Qoruğun baş mühəndisi Məhərrəm Müslümov görülən işlərdən ətraflı məlumat verdi. Qoruğun baş fond mühafizi əvəzi Arzu İmanova “Beynəlxalq Turizm günü”nün əhəmiyyətindən, tarixindən məlumat verdi. Bildirildi ki, Qoruq bu yaxınlarda 90000 –ci qonağını qəbul edib. Bunların içərisində yüzlərcə xarici vətəndaşlar olub. Ölkəmizdə olan xarici səfirliklərin əməkdaşları Qoruqda olub, rəy kitabına öz fikirlərini yazıblar.

Qoruq əməkdaşlarının özləri də ölkəmizdə olan bir çox qoruqlarda təcrübə mübadiləsində olmuşlar. Qoruğun direktoru bu yaxınlarda İran İslam Respublikasında, Naxçıvan MR –da olmuş, öz təəssüratlarını mətbuatda bildirmişdir.

Təbliğat xarakterli “Hacıqabul abidələr diyarıdır”, “Pir Hüseyn Şirvani” kitabları, broşuralar, “Mədəni İrs” qəzeti görülən işlərin bariz nümunəsidir. Bütün telekanallarda müxtəlif verilişlər nümayiş etdirilmişdir.

Hər il qoruq rəhbərliyi təqvimlər nəşr etdirir:  “Hacıqabul abidələri”, “Görkəmli Şəxsiyyətlər”.

Bu il də artıq yeni təqvim eyni zamanda “Hacıqabul 1918 –ci il mart-iyun soyqırımı” , “Hacıqabul teatrı-90” adlı kitablar da çapa hazırlanır. Birinci kitabın əsas müəllifi Qoruğun direktoru Mübariz Xəlilov, ikincisininki isə onunla bərabər Məhəmməd Hüseynoğludur.

Qubalı-Baloğlan kənd tam orta məktəbinin müəllimi Feyruz Poladov öz çıxışında Qoruq əməkdaşlarına dərin təşəkkürünü bildirdi. Qeyd etdi ki, belə tədbirlər şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.

Axırda qonaqlar çay süfrəsinə dəvət olundular. Xatirə şəkilləri və video çəkiliş oldu.

“Açıq Qapı” günü axşama qədər davam etdi.

                                                                                Ağabəyli Güllü

                                                                          Qoruğun baş elmi işçisi

Mübariz döyüşçü

Azərbaycan xalqı ta qədimdən döyüşən xalq olmaqla bərabər, zəngin idman ənənələrinə malik olub. Heç kəsə sirr deyil  ki, xalqımızın saysız-hesabsız Milli Qəhrəman oğulları olub, olacaq da. Belə qəhrəmanlarımızdan biri də Milli Qəhrəman Mübariz  İbrahimovdur. Onun qəhrəmanlıqlarından danışmaq bizim borcumuzdur.

 Bizə yüzlərlə Mübariz kimi oğullar lazımdır. Qarabağın xilası Mübariz kimi, vətənpərvərlik  ruhunda formalaşmış gənclərimizin varlığındadır…

Fəxrlə qeyd etmək lazımdır ki, əfsanəvi qəhrəman Mübariz İbrahimovun adını yaşadan və daim  xatırladanlardan biri də həmyerlimiz Elnur Abdulla oğlu Şəfiyevdir. O, Milli Qəhrəmana sonsuz ehtiramını göstərmək məqsədilə məşq keçdiyi zala Mübariz İbrahimovun adını vermişdir. Elnur qeyd edir  ki, mən Mübariz İbrahimov haqqında danışmağı özümə şərəf bilirəm və həmişə də hər yerdə qeyd etməyə çalışıram. Onun  ruhunu əziz tutub yada salmaq və qəhrəmanlıqlarını gənc nəslə çatdırmaq bizim vətəndaşlıq borcumuzdur.

         Azərbaycanın vətənpərvər  oğullarından biri, Azərbaycan  Qoçyu-Ryu Okinava Karate-Do, Kempo Karate – Do  və Kobudo növləri – Dünya   hərbi döyüşü  üzrə  dəfələrlə  Dünya və Avropa  çempionu, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Avropa Kubokunun sahibi, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Avropa Kəməri uğrunda çempionatın qızıl mükafatçısı, dəfələrlə  Azərbaycan çempionu, Çeçenistanda keçirilmiş Beynəlxalq yarışın qızıl mükafatçısı, Bolqarıstan Respublikasının Varna şəhərində keçirilmiş Avropa çempionatının və Heydər Əliyevin 91 illiyinə həsr olunmuş “Xalqlar Dostluğu” kəməri uğrunda yarışın qızıl mükafatçısı, Açıq Qafqaz Çempionatının qızıl mükafatçısı,  Respublika kubokunun sahibi, II Dan Qara Kəmər sahibi,   Respublika səviyyəli hakim, dəfələrlə  Beynəlxalq yarışlara lisenziya qazanmış, Azərbaycan Okinava Qoçyu-Ryu Karate-Do, Kempo Karate -Do və Kobudo növləri Federasiyası Hacıqabul rayonu  üzrə təlimatçısı, Milli Qəhrəman Mübariz İbrahimov adına İdman-Sağlamlıq Mərkəzinin karate müəllimi Elnur Abdulla oğlu Şəfiyev belə qəhrəmanlardandır. O, kiçik yaşlarından idmanın ən çətin növlərindən olan karate ilə məşğul olub. O vaxtdan bu günə kimi, heç nə onu sevdiyi idmanla məşğul olmasından ayıra bilməyib. Elnur həmişə sevdiyi idmanından  fərəh hissi ilə danışarkən gözlərində həyat işığının daha da parlaq olduğunu hiss etmək heç kəsə çətin deyil. Elnur hər zaman belə deyir: “İdman mənim həyatımın ayrılmaz hissəsidir, mən özümü  heç vaxt idmansız təsəvvür edə bilmərəm. İdman mənə gözəl ustadlar, dostlar, sağlam mühit bəxş edib. Mən ömrüm boyu ustadlarıma borcluyam, onların haqqını heç cür itirə bilmərəm. Onların keçdiyi məşqlər mənim sümüklərimi bərkidə-bərkidə ürəyimi zəiflərə qarşı daha da mum etmişdir. Biz yalnız və yalnız haqqa görə,  bayrağımız və  millətimiz naminə döyüşərik. Bu zamanda, qalib olmaq üçün ALLAHdan kömək istəyərik!” Bu sözlər Elnurun dilindən daim eşidilir. Elnur həmişə olduğu kimi  qürur hissi ilə qeyd edir ki,  hər bir yarışda yeganə məqsədimiz ölkə bayrağını yüksəklərə qaldırmaq və himnimizi səsləndirməkdir. O, məqsədinə çatmaqdan ötrü əlindən gələni edir və buna nail də olur. Elnur bu hissləri yetirmələrinə də aşılamağa, onlara nümunə olmağa çalışır. O yetirmələrinin də əsl vətəndaş və vətənpərvər ruhda böyümələrini arzulayır.

Hamımızın yaxşı tanıdığı Elnur kənardan nə qədər sakit  görünsə də, sinəsində bir o qədər də aslan ürəyi var. Bu sözü elə-belə demədim, onu tanıyanlar mənim sözlərimi təsdiq edə bilərlər.  Bunun bariz nümunəsidir ki, o bütün yarışlara böyük ruh yüksəkliyi ilə qatılır və hər yarışdan medalsız, diplomsuz qayıtmır, çəkdiyi  zəhmətinin bəhrəsini görür.  Əfsanəvi igid, Milli Qəhrəman Mübariz İbrahimov adına İdman-Sağlamlıq Mərkəzinin məşq zalına qədəm qoyanda sanki zal diplom, kubok, medallar kolleksiyasını xatırladır. Onun bu qələbələri ümumilikdə bütün Azərbaycan xalqının qələbəsidir.

 05-07 sentyabr 2014-cü il tarixdə Gürcüstan Respublikasının Batumi şəhərində keçirilmiş Avropa Çempionatı və Seminarda Azərbaycan yığması uğurlu çıxış edib. Yarış Gürcüstan Beynəlxalq Kempo-Ryu, Kempo-Karate və Kobudo Federasiyasının prezidenti, Avtandil Dilənçiyev, BKKF-nın prezidenti B. Suşinski və BJKKF, AQOKKNF-nın prezidenti, İOQKF-nın Azərbaycan üzrə baş təlimatçısı, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi, Beynəlxalq Kempo-Kobudo Federasiyasının vitse-prezidenti, VIII DAN kəmər sahibi Tarıverdi Allahverdiyevin rəhbərliyi altında keçirilmişdir.

Tarıverdi Allahverdiyev yığma komandamızın çıxışını yaxşı qiymətləndirib. İdarə heyətinin üzvləri Vahid Əliyev və Əliqulu Abbasovun fikirlərinə görə, uğurlu nəticəyə baxmayaraq, qarşıdan gələn Avropa və Dünya Çempionatlarında yığma komandanın heyətində dəyişikliklərin olması istisna deyil.

 Yarışda 14 ölkə iştirak etmişdir. Onlarla ölkənin iştirak etdiyi bu çempionatdan qəhrəmanımız, gözlədiyimiz kimi, qələbə ilə qayıtdı. Çempionatda Azərbaycanla yanaşı Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Çeçenistan, Özbəkistan, Bolqarıstan  idmançıları da çıxış edirdilər. Elnur Şəfiyev dörd rəqibinə qalib gələrək I yerə – çempionatın ali mükafatına layiq görüldü. Həmişə olduğu kimi, bu dəfə də o bizə böyük zəhməti hesabına qazandığı növbəti qələbəsindən  böyük fərəh hissi ilə danışdı.

 Elnur deyir ki, uğurlarımı daim oxucuların nəzərinə çatdırdığı üçün “Mədəni İrs” qəzetinə, xüsusən də Hacı Mübarizə dərin təşəkkürümü bildirirəm və bu xeyirxah işində ona müvəffəqiyyətlər arzulayıram.

Yeri gəlmişkən, o, Beynəlxalq Kempo-Kobudo Federasiyasının vitse-prezidenti Tarıverdi Allahverdiyevin adından  Hacı Mübarizi Həcc ziyarətindən qayıtması münasibətilə təbrik etdi. Ona  qəzetimiz vasitəsilə “Həccin qəbul olsun!” dedi və dualarının qəbul olunmasını uca tanrıdan arzu etdi. Eyni zamanda, Elnur Hacı Mübarizi 26 oktyabr doğum günü münasibətilə də təbrik edir, ona can sağlığı arzulayır.

            Biz  də öz növbəmizdə  qazanılan qələbə münasibətilə çempionumuzu təbrik edir, ona yeni qələbələr arzulayırıq.

Arzu İmanova

Həcciniz qəbul olsun, hacılar !

Bismillahir-rəhmanir-rəhim.

Əlhəmdu lillahi rəbbil aləmin və səlləllahu əla səyyidina Muhəmmədin və alihit-təyyibinət-tahirinə və əla ibadillahis-salihin və lənətullahi əla ədaihim əcməin.

Çoxdandır arzusunda olduğum Həcc ziyarəti nəhayət mənə də qismət oldu.

Bu yaxınlarda çox hörmət elədiyim iş adamı və ziyalı şəxs olan Ramiz Bəşirov mənə sual verdi ki, səni nə vadar etdi ki, Həcc ziyarətinə getdin?

Doğrusu bu sual məni düşündürdü. Uzun müddət ürəyimdə olan bu arzunu reallaşdırmaq üçün özümü hazır hiss etmirdim. Səhhətimdə də bəzi problemlər var idi.

Yaxın qonşum və dostum Hacı Süleyman da mənə məsləhət görürdü ki, artıq bu ziyarət sənin boynuna gəlmişdir və mütləq getməlisən.

2014 –cü il 28 sentyabrda Hacı Bəxtiyar Əzəminin rəhbərliyi ilə 47 nəfərdən ibarət qrupumuz Bakı Beynəlxalq Hava limanından yola düşdü. Təxminən 3 saat yarımdan sonra Ciddə Beynəlxalq Hava limanına çatdıq. Aeroportda niyyət edib ehram paltarlarımızı geyindik. Yolda təyyarədən yeri seyr edərək fikrə getmişdik. Bu qarışıq dünyada müsəlman ölkələrində qırğınlar gedir, Suriyada, Liviyada, İraqda, Əfqanıstanda, Fələstində, Afrikanın müsəlman ölkələrində, o cümlədən Misirdə nələr baş verdiyi, Türkiyədə PKK-nın terror əməlləri, “İŞİD” in tük ürpədən qanlı əməlləri, Azərbaycanımızın üzləşdiyi Qarabağ problemi ürək ağrıdan ən böyük dərdlərdəndir.

Nəhayət, oteldə yerləşdikdən sonra Həcc ziyarətinin Ömreyi əməllərini yerinə yetirdik. Zilhəccənin 9-u axşam Ərəfatda vüquf etdik. Ərəfat səhrasında günorta azanından axşam azanına qədər niyyət edərək qaldıq. Xalqımıza, yaxınlarımıza dualar etdik.

Məşərdə vüquf dib, zilhiccə ayının 10-cu günü sübh azanından gün çıxana qədər Müzdəlifədə niyyət edərək qaldıq. Çoxlu dualar etdik.

Əqəbə adlanan yerdə Böyük şeytana daş atıb, qurbanımızı kəsdik, təqsir edib, ehramdan çıxdıq. Kəbəni təvaf etdik.

Buradakı insan axınına heyran qaldıq. Milyonlarla insan rəngindən, cinsindən, yaşından asılı olmayaraq, müqəddəs Kəbə evində təvaf edir, imkan olanda bu müqəddəs məkana əllərini çəkib, öpürdülər. Burada insan hər şeyi unudur, ancaq ali hisslərlə yaşayır.

Əgər bu milyonlar ixtilafı bir kənara qoysalar, onda heç kim müsəlman aləminin qarşısında dayana bilməz.

İbrahim məqamının arxasında iki rəkət təvaf namazı qılıb dualar etdik. Səfa və Mərvə ocağının arasında yeddi dəfə səy etdik.

Minada gecələyərkən möcüzə baş verdi, isti havada yağış yağdı. Gecəni yola verdikdən sonra Kiçik və Orta şeytanlara daş atdıq. Sonra Kəbəyə qayıtdıq. Həmin gecə Kəbədə Həcc-Təməttöndə təvafdan sonra namaz qıldıq. Daha sonra Nisa təvafını  və namazını qılıb, dualar etdik.

Əməllər tamam olandan sonra  Cəbəl-Nur dağına getdik. Əbu-Şueybə qəbristanlığında Əbu-Talibin, Xədiceyi-Kübranın, Haşimilər nəslindən olan görkəmli şəxslərin və Biləsuvar rayonundan olan Hacı Mirsultan ağanın qəbirlərini ziyarət etdik. Məkkədə Peyğəmbər (s.s.ə) anadan olduğu evin yerini (indi kitabxanadır), Cin məscidi və başqa yerləri ziyarət etdik.

Məkkədə qeyri-qanuni yollarla gəlib küçələrdə gecələyənlər minlərlə idi. Ərəb və Afrika ölkələrindən gələn saysız-hesabsız insanlar müxtəlif işlər işləyir, bəziləri isə dilənçilik edirdi.

Nəhayət, vacib əməlləri yerinə yetirdikdən sonra Kəbədə vida təvafı edib Mədinəyə yola düşdük.

Mədinə təmizliyi, insanların xasiyyəti, xoş havası ilə bizi məftun etdi. Sanki Peyğəmbərin (s.ə) ruhu bu müqəddəs şəhərdə dolaşır, bizi himayə edirdi. Otellər də yüksək keyfiyyətli idi.

Peyğəmbər (s.ə) qəbri-şərifini ziyarət etdik. Bəqi qəbristanlığında olduq. İmamlarımızdan İmam Həsənin, İmam Zeynalabdinin, İmam Cəfər-Sadiqin, Məhəmməd Peyğəmbərin qızı Fatimeyi-Zəhranın (güman edildiyi yeri), oğlu İbrahimin, həyat yoldaşlarının məzarlarını ziyarət etdik. 10 mindən çox səhabənin qəbri burada idi. Diqqət çəkən bu idi ki, qəbirlər adicə balaca ağ daş idi. Bizdəki kimi dəbdəbəli baş daşları yox idi.

Mədinədə iki qibləli məscidi də ziyarət etdik. Öhüd dağında, Xəndək döyüşü olan yerdə olduq.

Nəhayət, vaxt tamam oldu. Əlvida, gözəllər-gözəli Mədinə, müqəddəs Kəbə və Məkkə. Gorəsən ömür vəfa edəcəkmi bir daha bu müqəddəs yerləri ziyarət edək!              

Həcc ziyarəti zamanı qrupumuzda Hacı Süleymanın həyat yoldaşı Hacı Şamama xanım, mənim həyat yoldaşım Hacı Badam xanım, Hacıqabuldan Hacı Ramiz, Hacı Zöhrə xanım və başqaları da vardı.

Hacı Süleyman bütün ziyarət boyu öz təcrübələrini və səyini bizdən əsirgəmədi.

Nəhayət, doğma Vətən bizi qarşıladı.

Həcciniz mübarək olsun, Hacılar !

                                                                                                Mübariz Xəlilov

90 mininci qonaq

Hacıqabul Rayon Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu özünün 90 mininci qonağını qarşıladı. Rəncbər kənd sakini, Rayon Qaz İstismar İdarəsinin əməkdaşı Hüseynov Etibar  Məhəmməd oğlu fəxri qonaqlar kitabına öz ürək sözlərini yazdı : “ Mən bu gün Xanəgahın 90000-ci qonağı oldum. Fəxri fərmana və hədiyyəyə görə Qoruq rəhbərliyinə minnətdarlıq edirəm. Üzərimə çox böyük məsuliyyət düşdüyünü hiss edirəm”. Fəxri qonağa fəxri fərman və qoruğun direktoru Mübariz Xəlilov tərəfindən qiymətli hədiyyə verildi.

Sonda xatirə şəkilləri çəkildi.

                                                                                             Arzu İmanova

Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunun baş fond mühafizi əvəzi

Spread the love