18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər günüdür

Aprelin 18-i bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. 

Bu əlamətdar gün 1983-cu ildə YUNESKO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunmuşdur. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olmuşdur. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir. 

Ümumiyyətlə, islamdan əvvəl və sonra ölkəmiz ərazisində qiymətli abidələr inşa olunmuşdur. Orta əsrlərə aid abidələr (Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s.) dünya və Şərq memarlığının ən incilərindəndir.

Abidələr və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizdən də yan ötməmişdir. Torpaqlarımızın 20 faizini işğal etmiş erməni hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıtmışlar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli – 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 33 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi qalmışdır. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri qalmışdır. 

İçərişəhər Memarlıq Kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində böyük işlər aparılır.

Azərbaycan Respublikası Nazirlər kabinetinin 2 avqust 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, İçərişəhər Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, Qala Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, Nardaran Tarix Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, Atəşgah Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınmışdır. Son illər ərazidə 1505 ədəd yeni abidə aşkar olunmuşdur. Tariximizin təcəssumu olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.

Respublikamızın ərazisində 6308 daşınmaz tarixi və mədəniyyət abidələri var. Bunun 2034-ü ölkə, 4209-u yerli, 65-i isə dünya əhəmiyyətlidir.

Məhz ölkə rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ökəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

Dörd yol ayrıcında yerləşən doğma Hacıqabulumuzda çoxlu sayda yaşayış məskənləri, kurqanlar, qalalar, karvansaraylar, ovdanlar və s. zəngindir. Bunların ən məşhuru ölkə əhəmiyyətli “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğudur.

 

Onu da qeyd etmək istəyirəm ki, gəlin abidələrimizin və tarixi yerlərimizin qorunmasında, bərpasında, eləcə də təbliğində az da olsa bizim də rolumuz olsun və bunu təkcə sözlərimizdə deyil, əməllərimizdə də göstərək. Arzu edirəm ki, tezliklə Qarabağımızdakı abidələri görmək hər birimizə qismət olsun İNŞALLAH.

Spread the love