“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da “Qanlı 20 Yanvar” faciəsinin 27-ci ildönümü yad edilmişdir.

20 Yanvar faciəsi

Tariximizin qanlı səhifələrindən biri… Qanlı Yanvar…

1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunana qədər hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-sində və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yəni yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və rayonlarımızda 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o, cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polislər olmuşdur.

Yanvarın 20-sinə keçən gecə 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış, 4 şəxs itkin düşmüş, 400 nəfər isə həbs edilmişdir. Sonradan araşdırmalar aparan Moskvadakı “Şit” (“Qalxan”) adlı müstəqil hərbi qrup belə bir nəticəyə gəldi ki, Sovet ordusu sovet şəhərinin sakinlərinə qarşı əsl müharibə aparıb.

Bu hadisə Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi və Sovet İttifaqına ciddi zərbə vurdu. Bütün Bakı əhalisi gecə qətlə yetirilənlərin kütləvi dəfn mərasiminə toplaşdı. Onlar şəhərin hündür hissəsində salınmış Şəhidlər Xiyabanında basdırılan ilk şəhidlər oldular.

Ölkəmizin hər yerində olduğu kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da “Qanlı 20 Yanvar” faciəsinin 27-ci ildönümü yad edilmişdir. Faciə ilə əlaqədar olaraq qoruğun muzeyində guşə yaradılmış, proektorda şəkillərdən ibarət video çarx təqdim edilmiş, ekskursiyaçılara və eləcə də Qubalı-Baloğlan kənd orta məktəbinin şagirdlərinə faciənin mahiyyəti haqqında ərtaflı məlumat verilmişdir.

Bu gün yəni, “20 Yanvar” gecəsi tariximizin və xalqımızın yaddaşına qanlı həriflərlə yazıldı. Bu gün haqqında heç bir şeyi unutmamalıyıq və unutdurmamalıyıq, həmçinin gələcək nəsillərə də ötürməliyik. Keçmişini unudan xalqın gələcəyi olmaz. Keçmişimizi unutmayaq ki, gələcəyimiz olsun.

Allah şəhidlərimizə rəhmət eləsin! 











Spread the love