Xocalı faciəsi

      Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı fevralın 25-də saat 23:00-dan toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdıldı. Xocalıdakı dağıntılar artilleriya hücumunun olduğunu təsdiq edir, onlar gərgin küçə döyüşləri nəticəsində yaranan dağıntı və zədələnməyə bənzəmirdilər.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Bu soyqırım zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Xocalı faciəsi ilə əlaqədar Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda tədbir təşkil edildi. Tədbir iştirakçılarına, eləcə də gələn ekskursiyaçılara bu günün mahiyyəti haqqında ətraflı məlumat verildi.

Bu faciə xalqımızın yaddaşına silinməz izlər buraxdı. Biz ta əvvəldən güclü xalq olmuşuq və bu soyqırım da bizləri yıxa bilmədi. Bu tarixi unutmamaq üçün gələcək nəsillərə ötürməliyik və daha sıx birləşməliyik.






Spread the love