Novruz bayramı

Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də məhz Novruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir.  Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də türk xalqlarının yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır və beləliklə də yeni həyat başlayır. Novruz bayramını martın 21-də, çox əlamətdar bir tarixdə keçiririk. Bu gündə gecə ilə gündüz bərabərləşir və yeni bir fəsilə – Bahar fəslinə qədəm qoyuruq. Elə buna görədir ki, xalq arasında bu bayramı Bahar bayramı da adlandırırlar. Novruz bayramını qeyd etmək təzə ili-baharın ilk gününü qarşılamaq deməkdir.

Türksoylu və farsdilli xalqlar Novruza özlərinin milli-bədii ornamentlərini qatmış, onu özünəməxsus ümumxalq şənliyinə çevirmişlər. Novruz sözü qədim Avesta-azəri dilində “təzə gün”, “yeni ruzi” deməkdir.

  Bildiyimiz kimi ayrı-ayrılıqda “Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Yel çərşənbəsi” və “Torpaq çərşənbəsi” adlandırılan ilaxır çərşənbələr insanları məhsul bolluğu yaratmağa, birlik və firavanlığa, halallığa, dostluğun, qardaşlığın sarsılmaz gücünün qüdrətinə inanmağa çağırırdı.

Bəzən Novruz bayramını müəyyən bir sıra dinlərlə bağlayırlar. Bu bayramda tonqalın üzərindən tullanmaq, şam yandırmaq kimi nüanslar olduğundan onu səhvən atəşpərəstliklə əlaqələndirirlər. İrəli sürülən bu fikir doğru deyildir. Novruz bayramının zərdüştlüklə, eləcə də digər dinlərlə heç bir əlaqəsi yoxdur. Bu bayram bütün dinlərdən qədimdir. Fikrimizi əsaslandırmaq üçün bildirək ki, qədim azərbaycanlıların təsəvvüründə torpaq müqəddəs idi və təbiidir ki, onlar Novruzu torpağın soyuqlardan xilas olması, bolluq, məhsuldarlıq, təbiətin səxavət bayramı hesab edirdilər.

Ənənəvi olaraq hər il olduğu kimi Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda Novruz bayramı tədbiri təşkil edildi. Tədbir açıq elan edildikdən sonra ilk olaraq söz qoruğun direktoru Məhərrəm Müslümova verildi. O, öz ürək sözlərini və təbriklərini qonaqlara çatdırdı. Sonra söz Hacıqabul rayon Mədəniyyət Şöbəsinin müdiri Elnur Əmiraslanova verildi. Daha sonra Qubalı-Baloğlan kənd məktəbinin direktoru Bahadur Əzizov, rayon qaz idarəsinin nümayəndəsi Etibar Hüseynov, Qubalı-Baloğlan kənd icra nümayəndəsi Mehman Nəzərov öz təbriklərini çatdırdılar.

Hacıqabul rayon Milli Qəhrəman Mübariz İbrahimov adına idman və sağlamlıq mərkəzinin məşqiçisi Elnur Şəfiyevin yetirmələri öz fəaliyyətlərini təqdim etdilər. Eyni zamanda məktəblilər Novruz bayramı haqqında olan şeirlərini səsləndirdilər.

Bir daha bayram münasibətilə hər birinizi təbrik edirik, xoş günlər, ruzili-bərəkətli süfrələr, firavan həyat arzu edirik. Arzu edirik ki, tək bu bayram günlərində deyil, hər gün qəlblərimiz şad olsun. O gün olsun ki, bayramlarımızı Qarabağımızda keçirək.

Bayramınız mübarək!







Spread the love