28 May Respublika günü

Ənənəvi olaraq bu ildə 28 may “Respublika günü” ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda tədbir keçirildi. Tədbirdə digər qonaqlarla yanaşı Azərbaycan Okinava Qoçyu-Ryu Karate-Do, Kempo Karate-Do və Kobudo növləri Federasiyasının prezidenti Tarverdi Allahverdiyev, eləcə də Hacıqabul rayon Milli Qəhrəman Mübariz İbrahimov adına İdman-Sağlamlıq Mərkəzinin məşqiçisi Elnur Şəfiyev və onun yetirmələri iştirak edirdilər. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı. İlk olaraq qoruğun direktoru Məhərrəm Müslümov qonaqları salamladı və bu günün tarixi haqqında ətraflı məlumat verdi. Sonra Azərbaycan Okinava Qoçyu-Ryu Karate-Do, Kempo Karate-Do və Kobudo növləri Federasiyasının prezidenti Tarverdi Allahverdiyev öz ürək sözləri qonaqlara çatdırdı və tədbirdə iştirakından məmnunluq hissi keçirdiyini bildirdi. Hacıqabul rayon Milli Qəhrəman Mübariz İbrahimov adına İdman-Sağlamlıq Mərkəzinin məşqiçisi Elnur Şəfiyevin yetirməsi İsayev Rəsul Ukraynanın Xarkov şəhərində keçirilən dünya çempionatında 25 kq çəki dərəcəsində 3 rəqibinin hər birinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək qızıl medala layiq görülüb. Qeyd edim ki, onlar arasında erməni rəqibdə vardı. Balaca idmançımıza qoruğumuz adından qiymətli hədiyyə təqdim edildi. Daha sonra Elnur Şəfiyevin yetirmələri öz çıxışlarını qonaqlara təqdim etdilər. Sonda xatirə şəkilləri çəkildi.

Respublika günü – 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd olunur.

1917-ci ildə Rusiyada  baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar imperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərakatı başlandı.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlılların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.

Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi  və dünyəvi dövlət nümunəsi idi.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdir.

1918-ci il 9 noyabr tarixində M. Ə. Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan DemokratikRespublikasının bayrağı qırmızı rəngdə idi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitində cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər  Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Bu gün də ölkəmiz prezident İlham Əliyevin rəhbərliyi ilə dünya dövlətləri sırasında özünə yüksək mövqe tutur və sürətlə inkişaf edir. Hörmətli prezidentin böyük siyasi iradəsi nəticəsində bütün sahələrdə olduğu kimi turizm sahəsində də inkişaf göz önündədir. Azərbaycanımızın turizm potensialı çox böyükdür və hərtərəfli inkişaf etməkdədir.

 

 

 

 








Spread the love