“ 20 Yanvar Faciəsinin 30-cu ildönümü “

     Bu gün azərbaycan xalqı “20 Yanvar Faciəsinin 30-cu ildönümünü” qeyd edir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə daxil olmuş Sovet İttifaqı qoşunlarının əhaliyə divan tutması nəticəsində yüzlərlə insan qətlə yetirilmiş,neçə-neçə insan yaralanmış və itkin düşmüşdür.Bu vəhşiliklər xüsusi qəddarlıqla törədilmişdir.Beləliklə,azərbaycan torpaqlarına qanunsuz qoşunlarını yeridən Sovet ordusu Bakıda və respublika rayonlarında neçə-neçə insanı qətlə yetirmiş,ev-eşiklərini yandırmışlar.Kişi,qadın,qoca,uşaq demədən qarşılarına keçən hər kəsi xüsusi qəddarlıqla qətlə yetirmişdirlər.Qanlı Yanvarda baş vermiş vəhşilik, bir daha sübut edir ki, Sovet Ordusunun törətdiyi qətliamlar qabaqcadan planlaşdırılmış cinayət aktıdır.
Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Ümummilli lider heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, xalqı ilə həmrəy olduğunu nümayiş etdirmiş,SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata etirazını bildirmişdir.Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ümummilli lider Heydər Əliyev “Yanvar faciəsi” ni Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirmişdir.Bu faciənin baş verməsində Sovet ittifaqının,şəxsən Qarbaçovun xüsusi rolunun olmasını qeyd etmişdir.
Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi cinayətdir,hərbi təcavüzdür.
Sovet ordusunun amansızlığına baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirmiş və fövqəladə vəziyyətin ləğvini tələb etmişdirlər.
1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “20 Yanvar faciəsi” nə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində hüquqi-siyasi qiymət verilmişdir.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur.Bu Qanlı Yanvar Azərbaycanın hər yerində qeyd olunur və Azərbaycan şəhidləri bir dəqiqəlik sükutla yad edilir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda ənənəyə sadiq qalaraq “20 Yanvar Faciəsinin 30-cu ildönümü” nün təntənəli surətdə qeyd edilməsi məqsədilə hazırlıq işləri görülmüşdür.Sözü gedən tədbirin keçirilməsi məqsədilə tədbirlər planı və qoruğun ekspozisiya zalında “Qanlı Yanvar Guşə” si hazırlanmışdır.Hazırlanmış tədbirlər planına əsasən, Hacıqabul rayonunda və Qubalıbaloğlan kəndində yerləşən “Şəhidlər Xiyabanı” nının ziyarət edilməsi və.s. işlər nəzərdə tutulmuşdur.Qeyd edək ki, ”20 Yanvar Faciəsinin 30-cu ildönümü” nü nəzərə alaraq, bu ərəfələrdə qoruğa gəlmiş məktəblilərə “Qanlı Yanvar Faciəsi” haqqında xüsusi məlumatlar verilmişdir.
18.01.2020-ci il tarixində Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu və Hacıqabul rayon Rəncbər kənd Kitabxanası  birlikdə tədbir keçirmişlər.Tədbir XI-XIV əsrlərin sənət yadigarı olan “Pir Hüseyn Xanəgahı” nda baş tutmuşdur.11:00 da baş tutmuş yığıncaqda Azərbaycan şəhidləri bir dəqiqəlik sükutla yad edilmiş və ruhlarına fatihə surəsi oxunmuşdur.Tədbiri, giriş sözü ilə çıxış edən qoruğun direktoru Məhərrəm Müslümov 1990-cı ildə baş vermiş “Qanlı Yanvar faciəsi” ndən söz açmış və geniş məruzə ilə çıxış etmişdir.
Sonra Rəncbər kənd tam orta məktəbin hərbi rəhbəri Gülhüseyn Həsənov  çıxış edərək, azərbaycan xalqının  “20 Yanvar Faciəsi” ndə göstərdiyi mərdlikdən geniş söz açmışdır.
Daha sonra Rəncbər kənd Kitabxanasının direktoru Almaxanım digər məruzələrlə çıxış etmişdir.
Torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin qanı yerdə qalmayacaq.O gün uzaqda deyil.
Allah şəhidlərimizə rəhmət etsin!
“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun elmi işçisi Zaur Cəfərov

Spread the love