15 iyun Milli Qurtuluş günüdür.

Azərbaycan Respublikasında rəsmi bayramlardan biri Azərbaycan xalqının milli qurtuluş günüdür. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildə dövlət statusu verilmişdir.

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirdi.

Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü ilin iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Ulu öndərin Ali Sovetin sədri seçilməsi Azərbaycanda eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etmişdir. Heydər Əliyev parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başlamış, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasi çəkişmələrin, qeyri-etik davranışların qarşısını almışdır. Müzakirə və diskussiyaların sivil, demokratik meyarlar çərçivəsində aparılması üçün şəxsi nümunə göstərmiş, parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirmişdir.

Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etmişlər və Milli Məclis bu təklifi bəyənmişdir. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd olunur.

15 iyun Milli Qurtuluş günü ilə əlaqədar qoruğumuzda guşə təşkil etdik. Gələn ekskursiyaçılara dövlətçiliyimiz, onun çətin vəziyyətlərdən necə məharətlə qurtulmasından ətraflı şəkildə məlumat verdik. Bu cür əlamətdar gündə gələn ekskursiyaçılar arasında Hacıqabul rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev, eləcə də “Turan +tv” online televiziyasının müxbiri Sarıyev Zaur və “A24.az” saytının xüsusi müxbiri Sevinc Xan qızı da vardı.

Bayramımız mübarək!

 

 

 

 

 

 

 

 




Spread the love