26 İyun Silahlı Qüvvələr günüdür.

Bu il Silahlı Qüvvələrin yaradılmasından 99 il ötür. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə yaranıb. Bunun ardınca orduya çağırış haqqında fərman verilib.

Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və Xosrov bəy Sultanov hərbi nazir təyin olunub. 1918-ci il dekabrın 25-də isə peşəkar hərbçi, çar ordusunda şərəfli yol keçmiş  general Səməd bəy Mehmandarov hrərbi nazir, general-leytenant Əliağa Şıxlınski nazir müavini, Həbib bəy Səlimov isə Baş Qərargah rəisi təyin ediliblər. Qısa müddətdə 30 minlik ordu formalaşdırılıb. Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad edib və sentyabrın 17-də Azərbaycan milli hökuməti Gəncədən Bakıya köçürülüb.

Azərbaycan 71 il sonra dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb və general-leytenant Valeh Bərşadlı nazir təyin olunub. Həmin il oktyabrın 9-da Azərbaycan Ali Soveti “Silahlı Qüvvələrin yaradılması haqqında” qanun qəbul edib. Bu səbəbdən 1998-ci ilə qədər məhz 9 oktyabr tarixi Azərbaycan Ordusunun yaranma günü kimi qeyd edilib. 1992-ci il oktyabrın 9-da Silahlı Qüvvələrin ali baş komandanı, prezident Əbülfəz Elçibəyin rəhbərliyi ilə Bakının Azadlıq meydanında Azərbaycanda ilk hərbi parad keçirilib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-sdə Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.

Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır.

Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bötövlüyünü qorumalıdır. Tarixi varislik ənənəsinə uyğun olaraq prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Bu il 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 99 il ötür. Bu günün Azərbaycanın tarixində çox mühüm yeri var. Azərbaycan Silahlı Qüvvələri bu illər ərzində püxtələşərək ən yüksək səviyyəyə çatıb. “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğuna gələn ekskursiyaçılara ətraflı məlumat verilir, hər bir vətəndaşımız bu günün  mahiyyətini təbii ki, bilir. Amma bir daha təkrarən məlumatlandırmağı özümüzə borc bilirik. Biz güclü ordumuza daima güvənirik və onunla fəxr edirik.

Bayramımız mübarək!



Spread the love