27 sentyabr qoruğda da “Açıq Qapı” günləri keçirildi.

 

Ümumdünya Turizm Günü

 

1925-ci ildən Cenevredə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdən Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. Baş Qərargahı Madrid şəhərində olan Ümumdünya Turizm Təşkilatı 1979-cu ildə 27 sentyabr tarixini Ümumdünya Turizm günü kimi təsis edib. Həmin gün turizm və turizm biznesinə həsr edilmiş tədbirlər, festivallar və Açıq Qapı günləri keçirilir.

Zəngin mədən-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. 2011-ci il isə Prezident İlham Əliyev tərəfindən “Turizm ili” elan edilib. Bunun nəticəsi olaraq turizm sahəsində gözə çarpacaq dərəcədə irəliləyişlər olub.

Ölkədə turizmin inkişafına dair birinci Dövlət Proqramının reallaşdırılması müstəqilliyin ilk illərində tənəzzülə uğramış bu sektorun dirçəlməsinə şərait yaratdı. Bu Proqram həmçinin  Beynəlxalq turizm bazarına inteqrasiyanın  təməlini də qoydu, milli turizm komlpleksinin rəqabətə davamlılığı yüksəldi.

Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə

2006-cı ildə ölkədə Turizm İnstitutu yaradılıb, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılıb. 2002-cı ildən başlayaraq Bakıda hər il Beynəlxalq Turizm və “Ümumrespublika Daxili Turizm Sərgiləri”-nin keçirilməsi, həmçinin xaricdə təşkil olunan beynəlxalq turizm sərgilərində ölkəmizin təmsil olunması da turizmin inkişafına təkan verib. Ölkədə turizmin əhəmiyyətini artırmaq, turizm potensialını  təbliğ etmək, yerli adət-ənənələrini, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq baxımından bu tədbirlər böyük əhəmiyyət daşıyır. Artıq bir sıra ölkələrin nüfuzlu televiziya kanalları da turizm imkanlarımızı əks etdirən filmlər və reklam çarxları nümayiş etdirilir.

Bir həqiqət də odur ki, turizm sahəsində aparılan islahatlar, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tədbirlər Azərbaycanın yüksək səviyyədə təbliğidir.

 

Turizm gününün başlıca məqsədi turizmin təbliği, dünya cəmiyyəti iqtisadiyyatına qoyulan vəsaitin işıqlandırılması və müxtəlif xalqlar arasında əlaqələrin inkişafıdır. Ölkəmizdə turizmin inkişafına böyük diqqət yetirilir. Bu baxımdan tarix və təbiət qoruqları, tarixi abidələr mühüm rol oynayır.

Hacıqabul rayonunda 14 qeydiyyatda olan  və 17 yeni aşkarlanmış abidə vardır. Bunların içərisində Udulu kurqanları, orta əsr və antik qəbristanlıqları, Güngörməz müdafiə istehkamları və digər siklopik tikililər mühüm rol oynayır. Ən önəmli yeri ölkə əhəmiyyətli Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu tutur.

27 sentyabr Turizm günü ilə əlaqədar ölkənin hər yerində olduğu kimi Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da “Açıq Qapı” günləri keçirildi. Bu günlər ərzində qoruğu ekskursiya edən hər kəsə Turizm günü haqqında ətraflı məlumat verildi. “Açıq Qapı” günündə Hacıqabul rayon Aktiv Gənclər Təşkilatının üzvləri, Mədəniyyət Şöbəsinin müdiri Elnur Əmiraslanov, eləcə də məktəblilər iştirak etdilər.

Qoruqda görülən işlər və yeniliklər sayəsində ekskurkursiyaçıların sayında artım müşahidə olunur. Eləcə də çoxlu sayda bukletlərin, təqvimlərin, saytımızın, həmçinin bir çox telekanallarda verilişlərin hazırlanması nəticəsində qoruğun təbliği daha da sürətlənmişdir. Təkcə bu ilin 9 ayı ərzində qoruğa gələn ekskursiyaçıların sayı 12000-dən çox olmuşdur. Bu da əvvəlki illərə nisbətən daha çoxdur. Ümumilikdə bu günə qədər qoruğa 130000-dən çox ekskursiyaçı gəlmişdir. Bununla yanaşı xarici turistlərin sayında da artım müşahidə olunur. Ölkəmizdə turizmin inkişafı üçün abidələrimizin, tarixi yerlərimizin, qoruqlarımızın, ümumiyyətlə turizm sektorumuzun çiçəklənməsi üçün hər birimiz əlimizdən gələni etməliyik.

 

 




Spread the love