TURİSTLƏR ÜÇÜN

Qoruğun giriş qapısından Xanəgaha doğru davam edən marşurut üzrə

Ekskursiya mətni 

        Hörmətli cənablar, xanımlar! Siz indi Pirsaat çayının şərq sahilində yerləşən, Bakıdan 127 km məsafədə olan Böyük Şirvan Şeyxi Pir Hüseyn Şirvaninin məzarı önündə XI-XIV əsrlərin nadir sənət incisi olan müqəddəs bir məkana daxil olursunuz.

       Pirsaat sözünün etimoloji izahını verən akademik Sara Aşurbəyli onun Pir Səid adlı müqəddəs şəxslə adlandığını ehtimal etmişdir. Ancaq digər tədqiqatçı alimlər isə bu ərazidə məskunlaşmış qədim saat türk tayfaları ilə əlaqələndirmişlər. Bu tayfalar geniş miqyasda yayılmış, indi bəzi yerlərdə öz izlərini saxlamışlar. Məsələn Saatlı rayonu, Qərbi Azərbaycanda bəzi yer adları və s.

       Hazırda, Sizin qarşınızda görünən XIII əsrin Karvansaray qalıqlarıdır. Pir Hüseyn Xanəgahı Şirvanşahlar tərəfindən müxtəlif vaxtlarda ucaldılmışdır. Bura XIII əsrə aid edilən Karvansaray və tövlələrdir. ( Göstərir) Pir Hüseyn Xanəgahına böyük vəqf əmlakı və torpaqları məxsus idi, bir də daş- qaş ianə edilirdi. Pir Hüseyn Xanəgahında və ətrafda yaşayan on minlərlə inək və yük heyvanları olan çoxlu sayda mürid və dərvişləri olub. Tarixçi Vəssafın yazdığına görə Qızıl Orda xanı Sultan Məhəmməd Özbək Pir Hüseyn Xanəgahını ziyarətə gəlmiş, qoşunların talan etdiyi əmlakının geri qaytarılmasını təmin etmişdir. Talan edilmiş 30 min qoyun, 20 min inək və ulaq Xanəgahın vəqf torpaqlarında yaşayan əsir olunmuş qadın və kişilər geri qaytarılmışdır. Minarənin kitabələrinin birində yazıldığı kimi bura dərvişlər məskənidir. Tarixçi Həmdullah Qəzvini yazırdı ki, Pir Hüseyn Xanəgahının yüzlərlə müridləri var. Xanəgahın vəqf torpaqlarında ona xidmət edən böyük miqdarda dərviş və işçilər- kişi və qadınlar yaşayırdı. Bu müqəddəs yerə, Pirə ibadətə gələn çox saylı zəvvarları o cümlədən Şirvanşahlarını, Elxani hökmdarlarını özünə cəlb edirdi. Bura Şirvanın əhəmiyyətli (fəlsəfi, ədəbi din) məskəni idi. Ona görə də Karvansarayın Xanəgah üçün xüsusi əhəmiyyəti vardır. Onun gəlirlərinə Xanəgah Şeyxləri nəzarət edirdilər. Hacıqabul ərzaisində, Hacıqabul gölünün şərq sahilində, Atbulaq kənd ərazisində Karvansarayların qalıqları indidə durur. Bu, Hacıqabulun Böyük İpək yolu üzərində yerləşən əhəmiyyətli məntəqə olmasını sübut edir. Karvansaraylar adətən bir at  mənzilində tiikilirdi. Karvansarayları karvansaladar idarə edirdi. Burada müxtəlif ölkələrin tacirləri qızğın alver edər, pul və ya mal satılır və ya dəyişdirilirdi. Ziyarətçilərin  və tacirlərin qalmasına görə haqq alınırdı., atlarına və heyvanlarına yem verilirdi. Orta əsrlərdə həcc ziyarıtlərinə gedən Şirvan zəvvarları əvvəlcə Pir Hüseyn Xanəgahını ziyarət edər, sonra Hacıqabul gölü sahilindəki Karvansaraydan Həcc ziyarətinə yola düşərdilər. Həcc ziyarətindən sonra həmin Karvansarayda onlara mübarəkdarlıq edər və “Həccin qəbul” deyərdilər. Ehtimal ki, Hacıqabul sözünün mənşəyi də ordan götürülmüşdür.

       Xanəgahın gördüyümüz (göstərir) bağını 43 il bundan öncə Göyçaydan olan Məşədi Əhməd Hüseynov salmışdır. (Şəkili göstərir)

       Sizin, Xanəgahın şimal tərəfində gördüyünüz, təpə üzərindəki kvadrat şəkilli türbənin qalıqlarıdır. Əvvəllər çəkilmiş rəsm və fotoları həmin abidənin bərpa edilməsinə imkan verir. Yaxşı yonulan daşdan ucaldılmış bu kiçik türbənin kubvari tutumu pramidal gümbəzlə örtülü olmuşdur. Son zamanlar qazıntılar zamanı türbənin içərisindən iki qoşa qəbr çıxmışdır. Türbənin ətrafında kiçik hücrələr aşkarlanmış(göstərir) və vaxtı ilə yeraltı yolların olduğu ehtimal edilən kvadrat şəkilli məbəd formalı tikili vardır. Bu türbənin ətrafında və irəlidə görünən təpədə qədim qəbirstanlıq mövcuddur. Qəbirstanlıq XI-XIII əsrlərə aiddir. Türbənin ətrafında isə keçən əsrə aid dəfn olunanlar da vardır. Çünki müqəddəs məkanda dəfn olunmaq şərəf sayılırdı.

       Qəbirstanlıq Xanəgahdan 300-500 m şərqdə yerləşir və bu ərazidə olmuş yaşayışın nişanəsidir. Qəbirstanlıqda gördüyünüz baş və sinə daşları dözümlü və bitkin örnəklərdir. Baxın, baş və sinə daşlarının bəzilərinin üzərində qılınc şəkilləri də var. Bu ehtimal ki, döyüşçü qəbirləridir.

       Xanəgahın arxasında gördüyümüz su anbarı 1957-ci ildə SSRİ Meliorasiya Nazirliyi tərəfindən erməni Akopyanının layihəsi əsasında inşa edilmişdir. Əslində isə bəndin yeri 2 km aralıda olmalı idi. Həmin ərazidə vaxtı ilə qədim yaşayış olmuş və bənd tikintisi zamanı çoxlu sayda küp qəbrləri və mumyalanmış cəsədlər digər maddi mədəniyyət nümunələri məhv edilmiş və oradan çıxarılan torpaqları gördüyümüz bu yerlərə tökmüş və təpələr əmələ gətirmişlər. Bu yerlər əvvəllər “muncuqluq” adlanırdı. Burada mütəlif saxsı qablar və muncuqlar tapılırdı. Həmin ərazi məhv edilmişdir. Bənddən isə müntəzəm su sızaraq Xanəgahın korroziyaya uğramasına səbəb olmuşdur. 1959- cu il 6 apreldə bənd uçmuş, çox böyük sel suları möcüzə nəticəsində Xanəgahdan yan keçərək ətraf kəndləri su altında qoymuşdur.

       Əvvəllər Xanəgaha pilləkənlərlə çıxırdılar. Nəticədə bu ziyarətgah çökəklikdə qalmış, ətrafı  isə təpələrlə əhatə olunmuşdur.

       İndi isə  buyurun, Xanəgahın içərisinə keçək. Baxın, Xanəgahı dövrləyən qala divarları o qədər iri olmayan, həcmli baştağ şəklində giriş qapısı mürəkkəb konfiqurisiyalı, daş döşəməli iç həyətə aiddir.

       Şərq baştağından düşmüş 6 parça ərəbcə kitabədə deyildiyinə görə divarlar Şirvanşah Fəribürz bin Sərşasbin dövründə, böyük sədr Həsən Bin Məhəmmədin vəsaiti və əmri ilə h.641/1243-44 cü illərdə tikilmişdir. Xanəgahın şərq divarında Şirvanşah I Xəlilullahın adı ilə əlaqədar bir kitabə olmuşdur. Dövrümüzədək ancaq fotoşəkil gəlib çatmış kitabədən məlum olur ki, I Xəlilullah zamanında burada tikinti işləri aparılmışdır. Əbdülsəməd adlı bir şəxs Xanəgahda bərpa işləri aparmışdır.

       Qarşımızda olan Xanəgahın ümumi həcmindən yuxarı yüksələn minarə kompleksin funksiyasına müəyyən aydınlıq gətirir. Həyətin və bütün kompleksin dominatı olan minarə Şirvan bölgəsində olan minarə kompozisiyasının yeni mərhələsini əks etdirirdi.

       Xanəgahın Minarəsinin giriş qapısı üzərində XIII əsr üçün səciyyəvi olan süls xətti ilə qoyulmuş böyük bir daş kitabə də bildirir ki, “Ulu Şeyx Pir Hüseyn Xanəgahında olan bu minarə tikilisi ədalətli padşah Menkü Buqa Xaqanının dövründə … Arqun ağanın vəsaiti və yardımı ilə ucaldılmışdır”. (göstərir)

       Arqun ağa Elxanilər dövründə 1284-1291-ci ildə Azərbaycanda canişinlik etmişdir.

       Silindirik gövdəli minarənin səkkiz üzlü təməlində giriş qapısından sol tərəfdə onun Şirvanşah II Əxistanın hakimiyyəti dövründə hicri 654 /1256-cı ildə ucaldığını bildirən məlumat daş kitabə şəklində minarəyə daxil edilmişdir.(göstərir).

       Minarənin silindirik gövdəli üstündə stalaktik karnizinin altında başqa bir kitabədə (göstərir) Şirvanşah II Əxistanın hakmiyyəti dövründə hicri 693/miladi1249-cu ildə tikildiyini göstərir.Ondan sağdakı daş lövhədə oyulmuş iki sətirlik yazıda “minarənin memarı Şəmsəddin Məhəmməd Əbül Abbas, Mahmud İbn İbrahiminin əməli” məlumatı həkk olunmuşdur.(göstərir).Bu kitabələr göstərir ki, minarənin inşasını 1256-cı ildə II Əxistanın zamanında başlamış və 1294-cü ildə onun oğlu Gərşaşb tərəfindən tamamlanmışdır.

       Xanəgahın tarixcə ən qədim kitabəsi bu giriş qapısı üzərində olmuşdur.(göstərir).6 daş lövhədən yığılan həmin giriş kitabəsində bu tikintinin hicri 641/miladi 1243-cü ildə başa çatdırıldığı bildirilir.MEA-nın tarix Muzeyində saxlanılan başqa kitabədə isə bu tikintinin memarı Şeyxzadə Həbibullah İbn Şeyx Hacı Məhəmməddir.1861-ci ildə görkəmli şərqşünas B.Dorn bu kitabə haqqında məlumat verərək qeyd etmişdir ki, daş kitabə “məscidin giriş önündə düşüb qalıb”. Həyəti dövrələyən bina və yerləşgələrin hamısı tağbəndlə örtülü olub, yastı damların müxtəlif səciyyələri ilə maraqlı həcm quruluşu yaradırdı.Yalnız sərdabəsi qalan qülləvari türbənin pirizmativ qülləsi bu tip tikililər üçün səciyyəvi olan piramidal gümbəzlə tamamlanmış, Xanəgahdan Bakı Şirvanşahlar Sarayına aparılmış iki sətirlik daş kitabədə süls xətti ilə bildirilir ki, “bu imarətin sahibi Əmr Dövlət Bin Səlcuqlu.Hicri 702-ci il (miladi 1303) tarixdə ustad Mahmud İbrahim oğlunun əməlidir”.Demək bu kitabə Xanəgah kompleksində ucalmış binalardan birinin üzərində olub və həmin binanı da minarənin ustası Mahmud İbrahim oğlu inşa edibmiş.Akademik B.Dornun Pir Hüseyn Xanəgahında qeydə aldığı kitabələrindən ən sonuncuları hicri 823/ miladi 1639-cu illərə aiddir.Qəbrüstü yazı olan ikinci  kitabədə Şeyx Cəmaləddinin adı olmuşdur.Ola bilsin ki, həmin kitabə kompleksin tərkibində olan səkkizüzlü qülləvari qülləyə aid imiş.Bu kitabələrin harada olması bəlli deyil.

       Xanəgahın həyətində iki yanaşı su quyusu vardır.Bu quyuların suyu həmişə eyni səviyyədə qalır.Suları şirin və yungüldür.Əhali sudan həm içmək, həm də müalicə vasitəsi kimi istifadə edir.

       Həyətdə düzülmüş bu arxeoloji abidələr, daşlar da çox əhəmiyyətlidir.Bu, dən üyütmək üçün daşdır.Çox maraqlı olan bu səkkiz guşəli daş isə bizim gerbimizdir.Digər daşlar qəbr daşlarıdır.Bu otaqda isə kitabxana olub, qədim əlyazmalar saxlanılırdı.

       Digər bu köməkçi otaqlara baxın.Bu kiçik otaq mətbəxdir.Ocaq yerinə baxın.(göstərir).Bu böyük zalda vaxtiylə təndir olmuşdur.Bu divara bərkidilmiş əl-üz yuyulan yerdə güman ki, qablar yuyularmış.Bu otaqlarda çoxlu sayda ziyarətçi qala bilərdi.

       Müxtəlif dini ayinlər isə həyətdə icra olunurdu.

       İndi isə buyurun, Xanəgahın məscidinə keçəyin.Bura məscidi tamamlayan orijinal üslublu qəbul zalıdır.Burada qoyulan bu daş kitabə həyət divarlarının öncə verdiyimiz məlumatda qeyd edilən inşasına aid kitabədir.(göstərir).Divardakı şəkillər isə sərdabənin üzərində olan və Ermutajda saxlanılan kaşılardır.Burada yazılmışdır “bu müsəlman müqəddəsin dəfn olunduğu yer, düz yolla gedən imam, ruhani işləri ilə məşğul olanların nümunəvisi Hüseyn Bin Əlidir. Məlumatda bildirilir ki, Qəzvindən olan Ömər İbn Məhəmməd miladi tarixlə 1285/86-cı ildə Şeyxin qəbri üstündə bərpa işləri aparmışdır.Minarənin divarları çox qalın olduğu üçün insanın ruhunu oxşayan çox gözəl olan hava vardır.Bu gördüyümüz  yerdə Pir Hüseyn Xanəgahının böyük bədii dəyəri olan gəc oyma naxışlı mehrabı 1940-cı ildə MEA-nın N.Gəncəvi adına Ədəbiyyat Muzeyinə aparılaraq orada divara quraşdırılmışdır.Mehrabın yaşıl kaşı çubuqlarından yığılmış kitabəsindən Şirvanşah Əbülfəth Fərruxzad İbn Əxistanın adı və inşaat tarixi hicri 655/miladi 1266/67-ci il həkk olunmuşdur.Pir Hüseyn türbəsi və ona bitişik məscidin əsası yəqin ki, XI əsrdə qoyulmuşdur.Məscidin divarları və tavanı çox gözəl kaşı bəzəkləri ilə bəzədilmişdir.Xanəgahın kaşıları əsasən dördkünc frizdən və pannonu təşkil edən  çoxlu kiçik səkkizbucaqlı ulduz və xaçvari hissələrdən ibarətdir.Xanəgahın kaşı bəzəklərinin ən gözəl hissəsini pannonun yuxarısının (göstərir) 11 m uzunluqda haşiyələnən dördbucaqlı kaşı hissələri təşkil edir.

       Müxtəlif məsamələrdə (qabarıq, batıq) verilən nəbati ornament motivləri və ərəb əlifbasının nəsx xətti ilə yazılmış yazılar bu kaşıların əsas bəzək xüsusiyyətlərini  təşkil edir.

       Ağ, yaşıl, firuzəyi, mavi rənglərlə boyanmış bu kaşıların üzərindəki nəbati naxışlar, yarpaq, gül,çiçək, qıvrım budaqlardan təşkil edilmiş yazılarda isə şer və Qurandan  götürülmüş bəzi dini sözlər verilmişdir. Şərqşünaslar kaşılarda rast gəlinən sözlərin Xaqani Şirvaniyə və Cəlaləddin Rumiyə məxsus olduqlarını qeyd edirlər.

       Pir Hüseyn Xanəgahının kiçik hərfli kaşıları da bəzək baxımından diqqəti cəlb edir. Burada kiçik miqdarda kaşılar var. (göstərir) Digər qablar və duluzçuluq məmulatları isə Xanəgah ərazisindən tapılmışdır. Bunların içərisində səkkiz bucaqlı kaşılar xüsusilə bəzəklidir, çünki mavi boyalı xaçvari kaşılar vaxtı ilə Pir Hüseyn Xanəgahının divarında fon rolunu oynamışdır. Bundan əlavə bu kaşılar üzərində qiymətli mənbə sayılan bir yazı vardır. Bu kaşıların qurulduğu ili bildirən 684 hicri (1285) tarixidir.

       Bu kiçik otaqda olan qəbr deyilənə görə Şeyxə qulluq edən müridin qəbridir. Sinə daşı üzərində isə Ayətəl Kursi duasıdır. İçəri keçənlər onuda ziyarət edirlər. Bu daşları isə insanlar ağrıyan yerlərinə sürtər və şəfa diləyərdilər.

       İndi isə Siz, müqəddəs məkanda, ulu Şirvan Şeyxi Pir Hüseyn Şirvaninin Sərdabəsi önündəsiniz. Şeyx Pir Hüseyn adı ilə şöhrət tapmış Əli-Hüseyn ibn Əli Xanəgah kitabələrində əzəmətli, görkəmli Pir, ruhani işləri ilə məşqul olan, imam kimi ləqəb və sifət dərəcələri ilə yüksəlmiş, sufilikdə üçüncü dərəcəyə çatmış, müqəddəslərin görkəmlisi kimi göstərilir ki, bu da onun zəmanəsinin ən nüfuzlu şəxsiyyəti olduğunu göstərir.Pir Hüseyn görkəmli alim, filosof kimi Azərbaycanda elmi fəlsəfi fikir tarixində, islam- fəlsəfi dünya görünüşünün formalaşmasında mühüm rol oynamışdır. Pir Hüseyn Şirvani Şirvanşahlar I Fərbürz, onun atası Sallar və babası Yəzid İbn Əhmədin hakimiyyəti dövründə yaşamışdır. Onun yaşadığı dövr 954-1072- ci il hesab edilir.Digər mənbələrdən isə 1074-1075- ci ildə vəfat etdiyi göstərilir.

       Şeyx böyük sufi şairi, filosofu, şərqdə Baba Kuhi adı ilə tanınmış Məhəmməd Bakuvinin kiçik qardaşı olmuşdur. Buyurun, Şeyxin məzarını ziyarət edin. (Üç dəfə ziyarət edib, dualar oxuyun ) yəqin ki, indi ruhən dincəldiniz. Xanəgahın öyrənilib tədqiq edilməsini akademik V. Kraçkovskaya üç dövrə bölür: Birinci dövr 1859-1861- ci illərdir. Bu zaman Bartolomey, Xanikov, Dorn kimi Rusiya Peterburq Akademiyasının akademikləri, şərqşünas alimləri Qafqazda və Kaspi sahili boyu ölkələrdə hərbi xidmətə təyin olunmuşdular. Onlar eyni zamanda yerli xalqların adət ənənələrini, etnoqrafiyasını, tarixi abidələrini və s. öyrənirdilər. 1858- ci ildə ilk dəfə Pir Hüseyn Xanəgahında olmuş Bartolomey Kompleksi xaraba halında görmüşdür. Pir Hüseyn Xanəgahının türbəsinin və məscidinin al-əlvan kaşı bəzəkləri onu heyran etmişdir.

       İkinci dövr 1907- ci ildə Tiflisdə Qafqazşünaslıq İnstitutunun  elmi katibi S. V. Ter-Avetisyanın  Xanəgahda işə başlamasına təsadüf etmişdir. O kaşıların təsvirini və fotosunu çəkmişdir. V.A. Kraçkovskayada Ter-Avetisyanın ona təqdim etdiyi materiallar əsasında kaşı parçalarının kitabələrini bir qədər bərpa edib oxumuşdur. V.Kraçkovskayanın yazdığına görə məhz Ter-Avetisyanın fəaliyyətindən sonra kaşı parçalarının çox hissəsi yoxa çıxmışdır.

       1913- cü ildə Parisdə yaşayan dəllal Kələkyan, madam Düffanti ilə birlikdə Xanəgaha gəlmiş və divarın qalan kaşı bəzəklərini qopartdıraraq Parisdə hərracda satmışdır.

       1918- ci ildən S.Lalayanın Erməni daşnak quldur dəstələri ətraf kəndlərdə soyqrım həyata keçirtdikdən sonra Xanəgaha gələrək tikililərin çoxunu darmadağın etmişdir.

       1925- ci ildə Sovet hakimiyyəti illərində tavanın 11m kaşı bəzəkləri qopardılaraq Ermitaja aparılmışdır. Bu kaşılar hazırda Ermitajda, Moskva Şərq xalqları İncəsənət Muzeyində, Luvrda, Londonda,Gürcüstan Dövlət Muzeyində saxlanılır.

       Üçüncü dövr 1936- cı ilin oktyabr ayında təşkil edilmiş ekspedisiyanın işi hesab edilir. Bu zaman bütün kaşı bəzəklərinin yeri artıq boş idi. Onlardan 3 ədəd kaşı parçasından ikisi türbədən, biri isə məsciddən tapılmışdır.

       Pir Hüseyn Xanəgahında Dövlət tərəfindən təmir bərpa işləri aparılmışdır. 01 oktyabr 2007- ci ildə Xanəgahın bərpadan sonra açılış mərasimi Mədəniyyət və Turizm Naziri Cənab Əbülfəs Qarayevin iştirakı ilə olmuşdur.

Diqqətinizə görə çox sağ olun!

Spread the love