31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü

31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. 31 dekabr dünya Azərbayanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. 1991-ci ilin 16 dekabrında dünya azərbaycanlılarının birliyinin yaradılmasının əhəmiyyəti nəzərə alınaraq dekabrın 31-ni Dünya Aərbaycanlılarının Həmrəylik Günü elan edildi. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.

31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda tədbir təşkil edildi. Tədbirdə bu günün əhəmiyyəti barədə geniş şəkildə məlumat verildi. Sonda xatirə şəkilləri çəkildi.

Bu gün münasibətilə hər kəsi təbrik edirik və hər zaman həmrəy olmağı arzulayırıq. Bayramımız mübarək!




Spread the love