20 Yanvar – Qan yaddaşımız (2)

Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsindən 28 il ötür. Azadlıq, istiqlaliyyət, müstəqillik uğrunda mübarizəyə qalxan dinc əhaliyə tutulan amansız divan, sanki, dünən baş vermişdir. Xalq o günü heç vaxt unutmur. Hər il on minlərlə soydaşımız Bakının ən uca yerində hamımız üçün müqəddəs sayılan Şəhidlər xiyabanına gedir, müstəqillik uğrunda sinələrini sipər etmiş mərd oğul və qızlarımızı böyük ehtiramla yad edir, məzarları önünə tər gül-çiçək dəstələri düzür.

Bəs 20 Yanvar qətliamının törədilməsinin əsas səbəbi nə olmuşdur? Niyə təpədən dırnağadək ən müasir silahlarla silahlanmış sovet ordusu bu qanlı faciəni törətməyə əl atdı? Keçmiş SSRİ rəhbərliyinin millətlərarası ayrı-seçkilik toxumu səpməsi artıq özünün pik həddinə çatmışdı.Torpaqlarımızın hissə-hissə Ermənistana birləşdirilməsi, nəhayət, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın da Ermənistana bəxşiş verilməsi xalqımızın səbr kasasını daşdırdı.1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşmişdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz “yenidənqurma” siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər, bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu.

Regionda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma “Dağlıq Qarabağ problemi”nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı törətdikləri cinayətlər xalqımızın hiddətinə səbəb oldu. 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar başlayan milli-azadlıq hərəkatı öz möhtəşəmliyi və prinsipiallığı ilə SSRİ rəhbərliyinin ciddi narahatlığına səbəb oldu.

1990-cı il yanvarın əvvəllərində keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının əməkdaşları yerlərdəki emissarlarının yaxından köməkliyi ilə Bakıda müxtəlif iğtişaşlar törətdilər. Qabaqcadan planlaşdırılmış bu təxribartlar M.Qorbaçov hakimiyyətinə Bakıya qoşun yeritmək üçün əsas verdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun

ən müasir döyüş texnikası ilə silahlanmış hissələri Bakıda çox dəhşətli və qanlı bir cinayət törətdilər. Öz hüquqlarının bərpası, həmçinin müstəqillik, azadlıq istəyi ilə küçə və meydanlara toplaşmış dinc mülki əhaliyə odlu silahlardan atəş açıldı və xalqa divan tutuldu.Xüsusi təlim keçmiş əsgərlər hətta qoca və uşaqlara belə rəhm etmirdilər. Nəticədə, həmin gecə 147 nəfər soydaşımız qətlə yetirildi, 744 nəfər yaralandı.

Ənənəvi olaraq Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda tariximizdə silinməz izlər buraxan 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə iştirak edən qonaqlara faciənin tarixindən, səbəblərindən və nəticələrindən söz açıldı. Qeyd olundu ki, xalqımız əsrlər boyu yadelli düşmənlərin bu cür amansız hücumlarına dəfələrlə məruz qalmışdır. Lakin xalqımız böyük əzmi, gücü və dəyanəti nəticəsində hər dəfə bu ağır sınaqlardan başı uca çıxmağa müvəffəq olmuşdur. Düşmənlər başa düşməlidir ki, xalqımızı fitnə-fəsadları, məkrli planları ilə yıxa bilməzlər. Əsrlər keçsə də bu tarix unudulmaz və unutdurulmaz.

Allah şəhidlərimizə rəhmət eləsin!




Spread the love