Pir Hüseyn Xanəgahı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu Mədəniyyət Nazirliyinin 22 yanvar 2004-cü il 19-№li əmri ilə ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Bundan dərhal sonra Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi altında qoruqda bərpa və rekonstruksiya işləri başlanmışdır. 2007-ci il oktyabrın 1-də Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevin ,bir çox səfirliklərin nümayəndələrinin iştirakı ilə bərpadan sonra təntənəli açılış mərasimi olmuşdur.

XI-XIV əsrlərin nadir sənət incisi olan, Böyük sufi şeyxi, görkəmli alim, filosof, Azərbaycanın elmi fikir tarixində, islam-fəlsəfi dünyagörüşünün formalaşmasında mühüm rol oynamış Pir Hüseyn Şirvaninin məzarı ətrafında formalaşan Xanəgah kompleksi Bakıdan 127 km-də, Hacıqabul rayonu ərazisində, Qubalı Baloğlan kəndində, Pirsaat çayı sahilində, qədim Bakı-Salyan ticarət yolu üzərində yerləşir. “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun 67 ha ərazisi var. Memarlıq – məkan həllinin mükəmməlliyi, funksional yükün samballılığı baxımından ölkə əhəmiyyətli abidə olan Pir Hüseyn Xanəgahı, xanəgahlar arasında yüksək mövqe tutur. Hacıaqabul rayonu ərazisində qeydiyyata alınan 14 tarixi abidədən 7-si xanəgah ərazisində yerləşir.Xanəgah kompleksinə türbə, məscid və minarə, ziyarətçilərin qalması üçün köməkçi otaqlar, tövlə, tikililəri əhatə edən qala divarları, karvansaray, orta əsrlərə aid türbə, hücrələr və qədim qəbristanlıq daxildir. Bu abidələrdən 5-i ölkə ölkə əhəmiyyətli abidə , orta əsrlərə aid türbə, hücrələr və qədim qəbristanlıq isə yerli əhəmiyyətli abidələrdir. Pir Hüseyn Xanəgahının bütün daxili divarları və otağın içərisindəki qəbir sənduqəsi vaxtı ilə çox böyük bədii ustalıqla düzəldilmiş kaşı sənətinin xüsusi bir növü ilə hazırlanmış ornament və yazılarla bəzədilmişdir.

Xanəgah Abşeron-Şirvan memarlıq üslubunda inşa edilib. Ona aid bəzi memarlıq nümunələri və mehrabı Təbriz ustaları tərəfindən hazırlanıb ki, bu da xanəgahın vahid Azərbaycan memarlıq nümunəsi olduğunu sübut edir. Xanəgah möhkəm divarlarla qapalı, bürclərlə möhkəmləndirilmiş qalaçaya bənzər quruluşda əks olunmuşdur. Kompleksin əsas tikililəri bu dördbucaqlı qalanın içindədir. Pir Hüseyn türbəsi cənubdan məscidə bitişikdir. Üstündə tikilmə tarixi qalmayan məscidin plan-məkan quruluşu İçərişəhərdə yerləşən Aşur məscidi ilə eynidir. Məscid düzbucaqlı plana malik olub sivri tağbəndlə örtülən uzunsov ibadət salonunun örtü konstruksiyasına əlavə möhkəmlik vermək üçün ortada tağ qurulmuşdur. Onun giriş qapısı şərq fasada assimetrik çıxır. Plan-məkan quruluşundakı bu detallara əsaslanan mütəxəssislər xanəgahın XI-XII yüzillərin qovşağında inşa edildiyini söyləmişlər. Xanəgah kompleksinin dominantı olan minarə məsciddən aralı olub iki uzunsov tikilinin qovşağında ucalır. Xanəgahın minarə kompleksi Şirvan bölgəsində olan minarə kompozisiyasının yeni mərhələsini əks etdirir.Minarə Şirvan minarələrinin Sınıqqala minarəsindən sonrakı inkişaf mərhələsinin örnəyidir. Onun da yanındakı bina ilə fiziki bağlılığı yoxdur. Bununla belə memar minarə ilə bina arasında bağlılığı gücləndirmək üçün yeni fənd işlətmişdir. Xanəgah məscidi və minarəsi yaxşı yonulmuş daşdan ustalıqla tikilmişdir. Bu baxımdan da minarə yarıyonulu daşdan tikilmiş daha samballı biçimləri olan Sınıqqala minarəsindən sonrakı bədii-texniki irəliləyişi əks etdirir. Yerli memarlıq ənənələrinə əsasən başdan-başa daşdan böyük ustalıqla tikilmiş abidənin interyerində bu bölgə memarlığı üçün səciyyəvi olmayan gəc və çoxrəngli kaşı bəzəyinin nadir örnəklərinin olması ölkənin Şimal və Cənub arasında Elxanilər dövründə güclənməsinin nəticəsi idi.Təəssüf ki, Xanəgahın yüksək sənət dəyəri kaşı bəzəkləri talan edilib, lövhələri xarici muzeylərə daşınmışdır.Xanəgahın kaşı bəzəkləri bu gün dünya muzeylərinin sərgilərini bəzəməkdədir. Leninqrad Dövlət Ermitajında,Gürcüstan Dövlət Muzeyində,Moskva Şərq Mədəniyyəti

Muzeyində, Avropanın Luvr,Britaniya və başqa muzeylərində nümayiş etdirilir. Xanəgahın məscidinə giriş hissəsində qəbul zalının divarındakı şəkillərdə isə sərdabənin üzərində olan və Ermitajda saxlanılan kaşı bəzəkləri nümayiş etdirilir.

Spread the love